Auditorlar Palatasının külli miqdarda mənimsəmədə ittiham olunan sabiq əməkdaşlarının məhkəməsi başlayıb. “Qafqazinfo”nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda ilkin dinləmələr keçirilib.
İş üzrə müttəhim kürsüsündə Maliyyə və texniki təminat idarəsinin sabiq rəisi, baş mühasib Vəli Rəhimov, Maliyyə təminatı və xarici əlaqələr idarəsinin maliyyəçi-mühasibi Gövhər Əhmədova və Palatanın digər mühasibi Fəridə Novruzova əyləşir.
Prosesin gedişində onlar tərəfindən mənimsənildiyi deyilən məbləğin miqdarı da açıqlanıb. Bu rəqəm 700 min manatdır.
İlk iclasdan məlum olub ki, təqsirləndirilən şəxslər cinayət işinin istintaqından narazı qalıblar.
V.Rəhimov və F.Novruzovanın vəkilləri digər müttəhim G.Əhmədovanı onların əleyhinə ifadə verməkdə ittiham edib, cinayət işinin ibtidai istintaqa qaytarılmasını istəyiblər: “Hesab edirik ki, bu iş üzrə ittiham bir nəfərin ifadəsi üzərində qurulub. Gövhər Əhmədovanın ifadəsi ilə həm Vəli Rəhimova, həm də Fəridə Novruzovaya əlbirlik ittihamı verilib. Əhmədova ifadəsində deyir ki, o, Vəli Rəhimovun tapşırıqlarını yerinə yetirib. Amma bunu təsdiq edən nə bir SMS, nə telefon zəngi, nə də şahid ifadəsi var. İstintaqda bank kartları ilə bağlı sorğular verilib, çıxarışlar alınıb. Müstəntiq ya o çıxarışlara baxmayıb, ya da baxmaq istəməyib. Orada Gövhər Əhmədovanın üç övladının bank kartlarından bəhs olunur. Birinci övladı deyir ki, mənim xəbərim olmayıb, kartlardan pulları anam çıxarıb. Amma çıxarışlardan görünür ki, həmin kartla Türkiyədən mallar alınıb, restoranlarda hesab verilib. İkinci övladı mətbuatda işləyir. O da deyib ki, xəbərim yoxdur, kartdan pulları anam çıxarıb. Amma çıxarışlardan görünür ki, işlədiyi yerin binasındakı bankomatdan pul çıxarılıb. Bundan başqa, üçüncü övladı da “xəbərim yoxdur” deyir. Amma özü banka gedib kartdan 18 min manat pul çıxarıb. Hər kəs öz əməlinə görə mühakimə olunmalıdır”.
Müdafiə tərəfinin dediyinə görə, Palatada neqativ hallar daha çox pandemiya dövrü və Vətən müharibəsindən sonraya təsadüf edib. Vəkillərin arqumentinə əsasən, bu, ondan irəli gəlir ki, 2020-ci ildə Vəli Rəhimovun oğlu şəhid olub və özü təxminən bir il işlərindən uzaqlaşmaq məcburiyyətində qalıb. Baş verənlərə nəzarət edə bilməməsinin səbəbi də bu olub. Qayıdandan sonra neqativ halları aşkar edib, bu barədə rəhbərliyə məlumat verib. Bundan sonra komissiya təşkil edilib, lakin ekspertiza keçirilməyib, araşdırma çox primitiv aparılıb.