Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi Fransa Senatının qətnaməsi ilə əlaqədar bəyanat qəbul edib.
Pravda.az bəyanatı təqdim edir:
“Fransada fəaliyyət göstərən erməni lobbisi rəhbərlərinin və onların təsiri altında olan Fransa rəsmilərinin və siyasətçilərinin təhriki ilə Fransa Respublikası Senatının 2024-cü il yanvarın 17-də qəbul etdiyi qərəzli, birtərəfli və əsassız qətnamə ilə əlaqədar Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi aşağıdakıları bəyan edir:
- Son illərdə Fransa Respublikasının siyasi dairələri, o cümlədən Senatı və Milli Assambleyası birbaşa Yelisey Sarayından alınmış təlimat əsasında açıq irqçi, azərbaycanofob və islamofob fəaliyyətini daha da intensivləşdirmişdir və beynəlxalq hüquq normalarına və prinsiplərinə açıq hörmətsizlik nümayiş etdirərək Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə qarşı ədalətsiz addımlar atmaqda davam edir;
- Fransa hökumətinin apardığı anti-Azərbaycan siyasəti, o cümlədən Fransa Parlamentinin hər iki palatasında ölkəmiz əleyhinə indiyədək qəbul edilmiş qətnamələr ucbatından iki ölkə arasında münasibətlər tarixinin ən aşağı səviyyəsindədir və mahiyyətcə dayandırılmış hesab edilə bilər;
- Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünə hörmət edilməsi Fransa tərəfinin həm çoxtərəfli, həm də ikitərəfli beynəlxalq öhdəliyi olsa da, Fransa istər ölkə daxilində, istərsə də beynəlxalq təşkilatlarda təşəbbüsçüsü olduğu qətnamə layihələrində ölkəmizin ərazi bütövlüyünü və suverenliyini sual altına qoymuşdur;
- BMT Təhlükəsizlik Şurası və Avropa İttifaqı çərçivəsində Fransanın irəli sürdüyü Azərbaycan əleyhinə çoxsaylı qərar və qətnamə layihələrinin qəbul olunmaması Azərbaycan dövlətinin uğurlu xarici siyasəti ilə yanaşı, Fransanın təşəbbüslərinin bu təşkilatlarda haqlı olaraq qərəzli və qeyri-obyektiv addımlar kimi qiymətləndirilməsi ilə bağlıdır;
- Fransanın Azərbaycana qarşı qeyri-qanuni fəaliyyətinin bir istiqamətini də uğursuz kəşfiyyat işi təşkil etmişdir. Bu ölkənin Bakıdakı səfirliyinin iki əməkdaşı diplomatik statuslarına uyğun olmayan, “Diplomatik əlaqələr haqqında” 1961-ci il tarixli Vyana Konvensiyası ilə ziddiyyət təşkil edən fəaliyyətə görə Azərbaycan hökuməti tərəfindən “persona non grata” (arzuolunmaz şəxs) elan olunaraq ölkə ərazisindən çıxarılmışdır;
- Fransa hökumətinin, eləcə də Senatının və Milli Assambleyasının destruktiv və təxribatçı addımları Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin həyata keçirilməsinin qarşısını almağa və Cənubi Qafqaz regionunda vəziyyəti gərginləşdirməyə xidmət edir;
- Son aylar Ermənistan–Azərbaycan şərti sərhədində tam sakitliyin hökm sürməsi və heç bir münaqişəli halın baş verməməsi, görünür, Fransa tərəfini narahat edir. Fransa müxtəlif vasitələrə əl ataraq Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin bağlanması istiqamətində görülən işlərə maneçilik törətməyə çalışır;
- Fransa Ermənistana silah-sursat satmaqla onun Azərbaycanla münasibətlərinin normallaşdırılmasına zərbə vurur, Ermənistandakı revanşist qüvvələri yeni müharibəyə həvəsləndirir;
- Cənubi Qafqaz regionunun və bütövlükdə Avropanın təhlükəsizliyi üçün təhdid törətmiş, Azərbaycanın qətiyyətli səyləri ilə artıq tarixə qovuşmuş Ermənistan–Azərbaycan münaqişəsinin 30 ilə yaxın müddətdə həll edilməməsinin əsas səbəblərindən biri də danışıqlar prosesində beynəlxalq vasitəçi rolunu oynamış bəzi dövlətlərin, xüsusən Fransanın Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalına əsaslanan status-kvonu qoruyub saxlamağa çalışması olmuşdur;
- “Silahlı münaqişə zamanı mədəni sərvətlərin qorunması haqqında” 1954-cü il tarixli Haaqa Konvensiyasını və onun iki protokolunu, UNESCO-nun “Ümumdünya mədəni və təbii irsin qorunması haqqında” 1972-ci il 16 noyabr tarixli Konvensiyasını və “Mədəni irsin qəsdən dağıdılması haqqında” 2003-cü il 17 oktyabr tarixli Bəyannaməsini xatırladan Fransa Senatı Azərbaycan torpaqlarını 30 ilə yaxın işğal altında saxlamış Ermənistanın həmin konvensiyaları və Bəyannaməni kobudcasına pozduğunu bilə-bilə heç zaman bu ölkəni beynəlxalq öhdəliklərinə əməl etməyə çağırmamışdır;
- İndiki Ermənistan ərazisində yaşamış yüz minlərlə azərbaycanlının ata-baba yurdlarından zorla kütləvi surətdə qovulmasına səssiz qalan və onların geri qayıdış hüququnun bərpasına çağırış etməyən Fransa yenə də ikili standartlar siyasətinə sadiq qalaraq ermənilərin Azərbaycan ərazisində yerləşdirilməsi üçün hər fürsətdə canfəşanlıq edir;
- Mədəni irsin qorunmasından dəm vuran Fransa qadın azadlığının və hüquqlarının tərənnümçüsü kimi tanınan görkəmli şairə, rəssam, maarifçi və xeyriyyəçi Xurşidbanu Natəvanın Evian-le-Ben şəhərində heykəlinin təhqir olunmasının qarşısını almamış, bu rəzaləti törədənləri hələ də tapıb cəzalandırmamışdır;
- Fransa “İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında” Beynəlxalq Konvensiyanın tətbiqi ilə bağlı Beynəlxalq Ədalət Məhkəməsinin müvəqqəti tədbirlər barədə qərarlarını məqsədli şəkildə təhrif edir. Fransanın iddialarının əksinə olaraq, Məhkəmə Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü bir daha təsdiq edən, Ermənistanın Azərbaycanın Qarabağ üzərində beynəlxalq səviyyədə tanınmış suverenliyini şübhə altına alan tələbini rədd edən qərar qəbul etmiş, Azərbaycanın bütün hərbi və hüquq mühafizə orqanlarının şəxsi heyətinin Qarabağ bölgəsindən çıxarılması ilə bağlı əsassız tələbini rədd etmişdir. Həmçinin Beynəlxalq Ədalət Məhkəməsi Laçın nəzarət-buraxılış məntəqəsinin Laçın yolu boyunca hərəkətə mane olduğuna dair Ermənistanın iddiasını qəbul etməmişdir;
- Fransa Senatının qətnaməsində və Fransa rəsmilərinin mütəmadi açıqlamalarında iddia edildiyinin əksinə olaraq, hətta Avropa Şurasının İnsan hüquqları üzrə komissarının Ermənistana və Azərbaycana səfərindən sonra hazırladığı hesabatda da qeyd edilir ki, Azərbaycan hakimiyyəti tərəfindən heç bir güc tətbiq olunmadan, Azərbaycanın Qarabağ bölgəsini tərk etmək yerli ermənilərin öz könüllü qərarı olmuşdur;
- Azərbaycana qarşı açıq düşmənçilik siyasəti yürüdən Fransadan fərqli olaraq, dünyanın əksər ölkələri, eləcə də müvafiq beynəlxalq təşkilatlar Azərbaycanın qarşılaşdığı “mina terroru”nu pisləyən açıqlamalar yaymışlar. Azərbaycanın işğaldan azad edilmiş ərazilərində minalarla kütləvi çirklənmə ilə bağlı kəskin problem və bunun ərazilərin reabilitasiyası, eləcə də keçmiş məcburi köçkünlərin öz evlərinə təhlükəsiz və ləyaqətli şəkildə qayıtması prosesi üçün yaratdığı əngəllər, habelə onların sağlamlığı və həyatı üçün törətdiyi ciddi təhlükələr beynəlxalq hesabatlarda tanınmışdır;
- Dünyanın müxtəlif bölgələrində 50-dən artıq dövlətin ərazisini işğal etmiş, sərvətlərini talamış, xalqlarını uzun illər əsarətdə saxlamış Fransanın törətdiyi vəhşiliklər, habelə insanlıq əleyhinə cinayətlər, eləcə də müharibə cinayətləri bəşər tarixinin qara səhifələridir. Müstəmləkə illərində Fransa silahlı qüvvələri etnik və dini mənsubiyyətinə görə yüz minlərlə dinc sakini kütləvi surətdə qətlə yetirmişdir. Törədilmiş soyqırımı cinayətləri Fransanın siyasi tarixində silinməsi mümkün olmayan ləkədir;
- 1960–1966-cı illərdə Əlcəzairin Böyük Səhrada payına düşən Reggan və İn Ecker adlı ərazilərində Fransa tərəfindən 17 nüvə sınağı gerçəkləşdirilmişdir ki, onlardan da 11-i yeraltı sınaqlar olmuşdur. Fransa aşkar edilməmiş kimyəvi, radioaktiv və zəhərlənmiş tullantıların yerləşdiyi ərazilərə dair topoqrafik xəritələri indiyədək Əlcəzair tərəfinə təqdim etmir. Eyni zamanda, Fransa həmin sınaqların və tullantıların yerli əhaliyə göstərdiyi təsirlərin qiymətləndirilməsi və müvafiq kompensasiyanın verilməsi məsələsindən də boyun qaçırır;
- İşğal etdiyi Əlcəzair ərazisində 5 milyondan artıq mina basdıran Fransa həmin minaların xəritələrini Əlcəzair tərəfinə verməkdən bu günədək imtina edir. Nəticədə Azərbaycan kimi Əlcəzair də dünyada mina partlayışından ən çox əziyyət çəkən ölkələrin sırasında ön yerlərdən birini tutur;
- Əlcəzairin 1830–1962-ci illəri əhatə edən işğalı dövründə 1,5 milyondan artıq insan fransızlar tərəfindən qətlə yetirildiyindən bu ölkə “1,5 milyon şəhid ölkəsi” adlandırılır;
- 1832-ci ildə El-Uffia qəbiləsi gecə yatdığı yerdə qılıncdan keçirilmiş, qadınlar və uşaqlar da daxil olmaqla, 12 min adam öldürülmüşdür;