Qərbi Azərbaycan İcması (QAİ) Fransa Senatının anti-Azərbaycan qətnaməsi ilə bağlı bəyanat yayıb.
İcmadan verilən məlumata görə, bəyanatda deyilir:
"İrqçi, islamofob, Azərbaycanofob Fransa Senatı daha bir anti-Azərbaycan qətnaməsi qəbul edib. Fransız senatında əyləşən müasir səlibçilər anlamır ki, Azərbaycan öz suveren ərazisində hərbi əməliyyat keçirməyə görə heç kimdən icazə almır və bu mənada Fransa senatı öz yerini bilməlidir. Azərbaycanla bağlı gülünc ittihamlar irəli sürən Fransa senatı qoy “Fransada niyə tez-tez az qala vətəndaş müharibəsi yaşanır”, “Fransa niyə Korsika dilini qadağan edir”, “Fransa ordusunun Niger, Mali, Burkino Fasoda nə işi var”, “Fransa nə üçün özündən min kilometrlərlə uzaqda yerləşən əraziləri hələ də müstəmləkə asılılığında saxlayır” kimi suallara cavab versin.
İkinci Dünya Müharibəsində biabırcasına məğlub olduqdan sonra başqalarının mərhəməti ilə BMT Təhlükəsizlik Şurasının daimi üzvü statusuna yiyələnmiş, bir neçə aydır ki bu qurumda Azərbaycan əleyhinə qətnamə qəbul etdirə bilməyən Fransa, görünür özünü Senatın qətnaməsi ilə ovundurur.
Fransa Senatının gözünü etnik və dini nifrət o qədər tutub ki, “Azərbaycanı və onun müttəfiqlərini öz qoşunlarını Ermənistan ərazisindən çıxarmağa” çağırır. Bununla Senat özünü lağlağı obyektinə çevirir.
Qarabağ ermənilərinin “öz müqəddəratını təyin etmək hüququ”ndan danışan Fransa qoy gedib Korsikaya, basklara, Yeni Kaledoniyaya müstəqillik versin.
Bir tərəfdən Ermənistanın ərazi bütövlüyünün qorunmasından danışaraq, digər tərəfdən “Dağlıq Qarabağ Respublikası”, “Dağlıq Qarabağın demokratik surətdə seçilmiş liderləri” ifadələrindən istifadə edən Senat əslində özü-özünü ələ salır. AZƏRTAC-ın müxbirinin Yeni Kaledoniyaya girişinə qadağa qoyanlar Azərbaycandan “Dağlıq Qarabağ Respublikasının siyasi liderləri”nin buraxılmasını tələb edir.