Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 18-də Seneqal Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Şeyx Qeyenin etimadnaməsini qəbul edib.
Pravda.az xəbər verir ki, səfir etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.
Dövlət başçısı səfirlə söhbət edib.
Səfir Seneqal Prezidentinin qardaş salamlarını dövlət başçısına çatdırıb. Qeyd edib ki, Seneqal Prezidenti ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişaf etdirilməsi əzmindədir.
Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Seneqal dövlətinin başçısına çatdırmağı xahiş edib.
Görüşdə ölkələrimiz arasında əlaqələrin həm ikitərəfli əsasda, həm də beynəlxalq təşkilatlar çərçivəsində inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb, ikitərəfli münasibətlərimizin uğurla inkişaf etdiyi bildirilib. İndiyədək Azərbaycanla Seneqalın BMT və Qoşulmama Hərəkatı çərçivəsində bir-birinə göstərdiyi daimi dəstək müsbət amil kimi qeyd edilib.
Prezident İlham Əliyev BMT və Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlığın gələcəkdə də davam etdiriləcəyinə ümidvar olduğunu bildirib. Ölkələrimiz arasında ali səviyyədə aparılan diplomatik yazışmalar və beynəlxalq, milli günlərdə qarşılıqlı təbriklər yüksək qiymətləndirilib.
Dörd il ərzində Azərbaycanın Qoşulmama Hərəkatına sədrlik etdiyini vurğulayan Prezident İlham Əliyev ölkəmizin təşkilata sədrliyinin daha bir il uzadılmasına Seneqalın da dəstək verdiyini qeyd edərək buna görə bir daha minnətdarlığını ifadə edib.
Seneqalın səfiri ölkəmizin bu Hərəkata uğurlu sədrliyi münasibətilə təbriklərini çatdırıb.