Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Uqandanın paytaxtı Kampala şəhərində keçirilən Qoşulmama Hərəkatının (QH) Dövlət və Hökumət Başçılarının 19-cu Zirvə Görüşündə iştirak və çıxış edib.
Nazirlikdən verilən məlumata görə, Zirvə Görüşündə QH-nın sədri qismində açılış nitqi ilə çıxış edən nazir Ceyhun Bayramov Azərbaycanın 4 il bundan öncə Hərəkata sədrliyi təhvil aldıqdan sonra beynəlxalq münasibətlər sistemi üçün olduqca mürəkkəb bir dövrdə QH-ya uğurla sədrlik etdiyini, Hərəkatın mövcud çağırışlarla mübarizədə effektivliyinin artırılması üçün substantiv və institusional tədbirlər gördüyünü diqqətə çatdırıb.
Daha sonra, Hərəkatın 19-cu Zirvə Görüşünün gündəliyi qəbul olunub.
Zirvə Görüşünün gündəliyinə əsasən, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin QH-nin sədri qismində uğurlu fəaliyyət və təşəbbüslərini əks etdirən videoçarx nümayiş olunub, daha sonra isə nazir Ceyhun Bayramovun Azərbaycanın Hərəkata sədrliyinin yekunlarına dair çıxışı dinlənilib.
2019-cu ildə Hərəkata sədrliyi təhvil alan Azərbaycanın sədrliyinin 2022-ci ildə üzv ölkələrin yekdil qərarı ilə əlavə bir il müddətinə uzadılmasının ölkəmizə göstərilən inam və etimadın təcəssümü olduğunu qeyd edən nazir Ceyhun Bayramov, Azərbaycanın sədrlik dövründə tarixi Bandunq prinsipləri əsasında öz fəaliyyətini qurduğunu bildirib. Bu istiqamətdə, Azərbaycanın QH-nın fəaliyyətinin əlaqələndirilməsinin çevikliyinin təmini istiqamətində əməli tədbirlər gördüyü, görülən işlər nəticəsində yüzlərlə bəyanat, kommunike və bəyannamələrin razılaşdırıldığı, Hərəkat üzvləri tərəfindən müxtəlif beynəlxalq təşkilatlar, o cümlədən BMT Baş Assambleyası və İnsan Hüquqları Şurasında irəli sürülmüş qətnamələrin qəbul edildiyi diqqətə çatdırılıb.
Hərəkata sədrliyimizin COVID-19 pandemiyası dövrünə təsadüf etməsinə baxmayaraq, irəli sürülən təşəbbüslərin, xüsusilə QH sədri qismində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən irəli sürülmüş BMT Baş Assambleyasının COVID-19 pandemiyasına qarşı mübarizə üzrə xüsusi sessiyasının çağırılması, peyvəndlərə əlçatanlığın təmin edilməsinin təşviqinin Hərəkat çərçivəsində yeni əməkdaşlıq imkanları yaratdığı qeyd olunub.