Ləğv olunmuş “Təfəkkür” Universitetinin prorektoru Tariyel Əhmədovun öldürülməsində təqsirləndirilən həmin universitetin rektoru Müşfiq Atakişiyev, eləcə də Dəyanət Quliyev və Samir Quliyevin cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Siyavuş Hacıyevin sədrliyi ilə keçirilən prosesdə prokuror Cövdət Mehrəliyev ittiham aktını elan edib.
İstintaq materiallarına əsasən, universitetin prorektoru Tariyel Əhmədovun 16 sentyabr 2011-ci il tarixdə qəsdən öldürülməsi faktı ilə bağlı başlanmış cinayət işi üzrə Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun icraçı direktoru və həmin İqtisadiyyat İnstitutu nəzdində iqtisad elmləri sahəsində doktorluq dissertasiya şurasının sədri vəzifəsində çalışan Müşfiq Atakişiyevin zərərçəkmiş şəxs Tariyel Əhmədovu işgüzar nüfuzuna və rektor vəzifəsində qalmasına maneə kimi qəbul etməsi, bu səbəbdən qisas məqsədilə pul müqabilində onun öldürülməsini öz qohumu Dəyanət Quliyevə sifariş verməsi, sonuncunun isə həmkəndlisi Samir Quliyevlə birgə cinayət əməlini törətməsinə əsaslı şübhələr müəyyən edilib.
Təqsirləndirilən şəxs Müşfiq Atakişiyev ona edilən ittihamla özünü təqsirli bilməyib. Digər təqsirləndirilən şəxslər - Samir Quliyev və Dəyanət Quliyev isə özlərini təqsirli biliblər.
Daha sonra təqsirləndirilən Samir Quliyev ifadə verib. Onun sözlərinə görə, hadisəni 2011-ci ilin sentyabrın əvvəllərində törədib:
“Təqsirləndirilən şəxs Dəyanət Quliyevlə İmişli rayonunda bir məhəllədə böyümüşük, uşaqlıqdan dostluğumuz olub. Dəyanət mənə dedi ki, bir nəfər var, məni və dayımı təhdid edir. Məni aparıb o şəxsin həmişə idman etdiyi yeri göstərdi. Ancaq onun kimliyi və ya şəxsiyyəti barədə qəti heç nə demədi. Onu bir neçə gün idman yürüşü etdiyi yerdə izlədim. Tək olduğu anda arxadan yaxınlaşıb Dəyanətin mənə verdiyi dəmir dəyənəklə başının arxasına 2 güclü zərbə vuraraq hadisə yerindən uzaqlaşdım. Sonra taksiyə oturub birbaşa İmişliyə getdim. İşin icrası ilə bağlı Dəyanətə məlumat verdim. Hadisədən 3 il sonra onunla cəmi 1 dəfə görüşdük. Mənə əvvəlcədən demişdi ki, əgər tutulsan, həbsxanada sənə baxacağam. Arada mənə 300, 500 və ya 1000 manat verirdi”.