“O gün evdə yıxılmışam. Ayaq üstə idim, fırlanmaq istəyəndə yıxıldım. Ayaqlarımda problemlərə görə qalxa bilmədim. Zəng etdim qızıma, o, taksi ilə şəhərdən yaşadığımız yerə gəldi. Taksi sürücüsü ilə köməkləşib məni qaldırdılar. Divana uzadıb, getdilər. Axşama kimi o vəziyyətdə qaldım. Çox əziyyət çəkirəm”.
Bu sözləri Bizim.media-nın əməkdaşı ilə söhbətində Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının məşhur aktrisası Məsumə Babayeva deyib.
75 yaşlı sənətkar səhhətinin ağır olduğunu, ayaqlarının tutulduğunu və bu səbəbdən yeriyə bilmədiyini açıqlayıb:
“Müalicələrimi edirəm, amma heç bir effekti yoxdur. Harada qırıldı, qırıldı... Ayağıma stent qoydular. Sonra isə həkimlər istədilər ürəyimdə cərrahi əməliyyat keçirsinlər, ürəyimə stent qoysunlar. Amma əməliyyata icazə vermədim. Çünki 72 yaşım var. Bu ağır əməliyyatdan sağ çıxmaram.
Şəhərdə ürək həkimim var. O mənə söylədi ki, səni əməliyyatsız müalicə edərəm. Mənim özümə baxan insan lazımdır. Alim qızım mənə evdə hər bir işimdə kömək edir. Çimizdirir, yeməyimi verir, müalicələrimi edir. Özüm isə heç bir iş görə bilmirəm. Çünki ayaqlarımın hər ikisi tutulub. Gəzə bilmirəm, yıxılıb qalıram saatlarla evdə. Gərək iki adam olsun ki, məni yerdən qaldırsın. Mütəmadi uzanıram”.
M.Babayeva maddi vəziyyətinin aşağı olduğunu və bu səbəbdən dərmanları aptekdən nisyə aldığını bildirib:
“Müalicələrimi evdə edirəm. Dərmanlarımı aptekdən nisyə alıram. Onları qəbul edirəm. Təqaüd alanda aptekə yavaş-yavaş borclarımı ödəyirəm. Dərmanların qiyməti də od tutub yanır. Qızım məni saxlayır. Qızım ADNSU-da (Azərbaycan Dövlət Neft və Sənaye Universitetində) dərs deyir. O, alimdir. Alimin və müəllimin aldığı maaş isə çox aşağıdır. Birtəhər dolanırıq”.
Aktrisa Mədəniyyət Nazirliyinin onun vəziyyətindən xəbərdar olduğunu, lakin heç bir yardım göstərmədiyini vurğulayıb: