12 il əvvəl 37 yaşlı iş adamını sifarişlə qətlə yetirməkdə ittiham olunan Əhəd Salahovun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb. "Qafqazinfo”nun məlumatına görə, məhkəmə istintaqının sonunda prokuror ittiham nitqi ilə çıxış edərək Salahovun verilmiş ittihamla təqsirli bilinərək 15 il azadlıqdan məhrum edilməsini tələb edib.
Əvvəl də xəbər verdiyimiz kimi, Ə.Salahov cinayət işi ilə bağlı özünü təqsirli bilmir, yeganə günahı kimi hadisə günü cinayət baş verən ərazidə olmasını görür.
Sonuncu iclasda onun vəkili Orxan Cəfərbəyli müdafiə çıxışı edib. Vəkil çıxışında deyib ki, müvəkkilinin ittiham edilməsi üçün yeganə əsas ibtidai araşdırma dövründə verdiyi ilk ifadəsidir. Bundan başqa heç bir bir mötəbər dəlil və sübut ortaya qoyulmayıb: "Şəxs özü də məhkəmədə etiraf etdi ki, ilk ifadəsini qəbul etmir. Salahovun mühakiməsi üçün heç bir əsaslı sübut, o cümlədən cinayət aləti yoxdur. Bundan başqa, müvəkkilimin sifariş yerinə yetirdiyi sübut olunmayıb, həmçinin iddia olunan sifarişin doğrudan da Firudin tərəfindən verilib-verilməməsi məsələsi açıq qaldı. Ən əsas məqam isə ekspert rəyində göstərilib. Rəydə göstərilir ki, zərərçəkmiş şəxsə arxa və ön hissədən vurulan əsas zərbələrin hər ikisi sağdan-sola doğru vurulub. Amma hamımız bilirik ki, Salahov solaxaydır. Solaxay adamın sağdan-sola zərbə vurması öldürücü zərbə ola bilməz. Məntiqlə zərbə onun kürək hissəsindən həm sola düşməli, həm soldan sağa doğru gəlməli idi.