Azərbaycan Respublikasının Prezidenti tərəfindən 30 dekabr 2023-cü ildə imzalanmış və 19 yanvar 2024-cü ildə qüvvəyə minmiş qanunla Azərbaycan Respublikası Cinayət Məcəlləsinə 281-1 və 284-2-ci maddələr əlavə edilib.
Cinayət Məcəlləsinin 281-1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyünün parçalanmasına yönələn atributların və ya simvolların nümayiş etdirilməsi, yayılması, nümayiş etdirmək və ya yaymaq məqsədilə hazırlanması, əldə edilməsi, saxlanılması, daşınması və ya gəzdirilməsinə görə cinayət məsuliyyəti müəyyən edildi. Bu əməllərə görə beş ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur. Həmin əməllərin xarici təşkilatlar və onların nümayəndələrinin tapşırığı ilə törədilməsi isə yeddi ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.