Ötən il dekabrın 25-də Rusiya mətbuatında Dağıstanda Azərbaycan vətəndaşı olan Cabir adlı biznesmenin qətlə yetirilməsi barədə məlumatlar yayılıb.
Pravda.az “Qafqazinfo”ya istnadla xəbər verir ki, yanvar ayı ərzində aparılan istintaq hərəkətləri zamanı qətllə bağlı maraqlı detallar üzə çıxıb. Dağıstanın hüquq-mühafizə orqanları tərəfindən aparılan araşdırmalar nəticəsində Cabirin arvadı və onun idmançı sevgilisi Süleyman Süleymanov tərəfindən öldürüldüyünə dair şübhələr yaranıb.
Bildirilir ki, 37 yaşlı Cabir Xələf oğlu Nəsirov əslən Şamaxı rayonundandır və bir neçə il əvvəl Dağıstanda biznes fəaliyyətinə başlayıb. Onun bu ölkədə və Moskvada əmlakları, bir neçə elektronika mağazası olub.
Dekabrın 24-də Cabir Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərindən Dağıstana qayıdıb və həmin gecə naməlum şəraitdə qətlə yetirilib.
Polisə Cabir Nəsirovun öldürülməsi ilə bağlı məlumatı onun 32 yaşlı həyat yoldaşı Röya verib. Qadının şübhəli ifadəsi hüquq-mühafizə orqanlarının diqqətini çəkib. Belə ki, əslən Sumqayıt şəhərindən olan Röya ilkin ifadəsində evə basqın edən 2 nəfərin həyat yoldaşını amansızlıqla döyərək öldürdüyünü bildirib. O, qapının tanımadığı şəxslər tərəfindən döyüldüyünü, daha sonra mənzilə soxulan şəxslərin borc verdikləri pulu tələb edərək ərinə hücum edib onu öldürdüyünü iddia edib. O bu müddət ərzində digər otaqda olduğunu, oradan qışqırıq səsləri eşitdiyini, quldurlar gedəndən sonra isə ərinin cəsədini aşkar etdiyini deyib.