Xəbər verildiyi kimi Ağstafa rayonunda bıçaqlanma hadisəsi baş verib. 37 yaşlı Nuran Saleh oğlu Babayev tanışı tərəfindən bıçaqlanıb. Hadisə Ağstafada ərazisindəki çayxanalardan birinin qarşısında baş verib. Bıçaqlanan Nuran Babayev M.T.Məmmədov adına Ağstafa Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə yığıb və təcili yardım maşını göndərmələrini istəyib. Xəstəxanadan yaralı şəxsə isə “maşınımız yoxdur, özün gələ bilirsənsə, gəl” deyə bildirilib.
Yaralı şəxs sürünı-sürünə özünü xəstəxanaya tərəf gedib. Huşunu itirdiyindən yola davam edə bilməyib. Gözünü açanda isə özünü xəstəxanada görüb.
Son vaxtlar ölkədə təcili tibbi yardımın işi ilə bağlı müxtəlif məzmunlu şikayətlərin çoxalması məsələni yenidən aktuallaşdırıb. Sözügedən məsələdə isə Ağstafa Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinin yaralı xəstənin çağırışına məsuliyyətsiz yanaşması, üstəlik absurd açıqlama gətirməsi problemin ciddiliyindən xəbər verir.
Ağstafa Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsi ilə əlaqə yaratdıq. Təcili yardım şöbəsinin dispetçer əməkdaşı Səbinə Əhmədova Bizim.Media-ya açıqlamasında məsələyə belə aydınlıq gətirib:
“Bizim briqadalarımız çağırışda olduğuna görə “maşınımız yoxdur” yox, sadəcə “yanınızda adam varmı? Onunla gələ bilirsizmi?” deyilib. Xəstə isə yaralı olduğu üçün gələ bilmədiyini, biz isə “gözləyin, görək nə edirik?” demişik. Heç 5 dəqiqə olmayıb, bizdən maşın, acil şöbəmiz olan Terapiya şöbəsindən isə tibb bacısı göndərilib və xəstəni gətirmişik. O qədər məsafəni xəstə sürünüb gələ bilməz. Çünki ora çox kiçik məsafədir və 100 metri yalnış cümlə ilə ifadə edir. Sadəcə küçədən yola çıxıb”.