Azərbaycan Respublikasında teleradio yayımını tənzimləyən orqan olan Milli Televiziya və Radio Şurası Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə uyğun olaraq ölkə prezidentinin 25 iyun 2002-ci il tarixli fərmanı ilə yaradılıb. Ölkə prezidentinin 5 oktyabr 2002-ci il tarixli 795 saylı fərmanı ilə təsdiqlənmiş Əsasnaməsinə görə “Şura televiziya və radio yayımı sahəsində dövlət siyasətinin həyata keçirilməsini təmin etmək və bu fəaliyyəti tənzimləmək məqsədilə yaradılmış dövlət orqanıdır” (maddə 1). Əsasnamədə o da qeyd olunub ki, dövlət büdcəsindən maliyəlişdirilən bu qurum “öz fəaliyyətində müstəqildir” (maddə 3). Amma, Azərbaycan tamaşaçısı və dinləyicisi hər kəsdən daha yaxşı bilir ki, ötən 17 illik fəaliyyəti dövründə bu dövlət orqanı öz fəaliyyətində nə müstəqil ola bildi, nə də özünün müəyyən olunmuş tənzimləyici funksiyasını həyata keçirə bildi. Efirimizin “səviyyəsi” geniş tamaşaçı və dinləyici auditoriyası tərəfindən davamlı olaraq müzakirə olunsa da, giley-güzar və narazılıqlar baş alıb getsə də, tənzimləyici dövlət orqanı qış yuxusundan oyanmadı ki, oyanmadı. Çünki birbaşa Əli Həsənov özü buna imkan vermədi. Bu necə baş verdi?!
Birincisi, Ə.Həsənov elə başlanğıcda Teleradio Şurasının tərkibini bu sahədə nə isə pozitiv bir iş görmək potensialı olmayan insanlardan, daha doğrusu, öz adamlarından ibarət formalaşdırdı. 2003-cü ildə ölkə prezidentinin sərəncamı ilə təyin olunan ilk 6 Şura üzvündən 5-i Ə.Həsənovun tələbə yoldaşları və dostları idi. Elə bu səbəbdən də el arasında Teleradio Şurasını çox haqlı olaraq “Əli Həsənovun tələbə klubu” adlandırdılar. Şura aparatında iş alan 40 nəfərə yaxın işçinin də əksəriyyəti Ə.Həsənovun və Şura sədri N.Məhərrəmlinin qohumu, yerlisi və ya dost-tanışı idi. Sanki bu dövlət qurumu sadəcə Əli Həsənovun qohumları, dostları və tələbə yoldaşlarının faktiki olaraq heç bir iş görmədən yüksək əmək haqqı almaları, mənzil əldə etmələri və digər imtiyazlar qazanmaları üçün yaradılıbmış.
Şura komplektləşdirilərkən kadrların təhsili, təcrübəsi, peşəkarlıq səviyyəsi və görməli olduqları işin spesifikliyi əsla nəzərə alınmadı. Təbiidir ki, belə bir tərkiblə işləmək yox, sadəcə işi yola vermək olardı ki, nəticə etibarı ilə elə bu cür də oldu.
İkincisi, hətta belə bir dişsiz Şuranın qaldırdığı, həll etmək əzmində olduğu təşəbbüslər belə bir çox hallarda Ə.Həsənov tərəfindən boğulurdu. Baxmayaraq ki, ölkə prezidenti tərəfindən təsdiq olunmuş Əsasnaməsinə görə “Şura öz fəaliyyətində müstəqildir”.
Beləliklə, Teleradio Şurası ölkədə teleradio yayımını tənzimləməli olan dövlət orqanı deyil, faktiki olaraq Ə.Həsənovun şəxsi maraqlarına xidmət edən müqəvva bir qurum oldu. O, dərəcədə müqəvva bir qurum oldu ki, nəinki geniş ictimaiyyət, hətta televiziya aparıcılarının bir çoxu dəqiq adının necə olduğunun fərqinə varmadan onu bu gün də “televiziya və radio yayım şurası” kimi təqdim etməkdədirlər.
Əli Həsənovun “tələbə klubu”
Teleradio Şurasının Əsasnaməsinə görə (maddə 12) elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla, başqa ödənişli fəaliyyətlə məşğul olan şəxslər Şura üzvü təyin oluna bilməzlər. İndi görün, Ə.Həsənov ölkə Prezidentinin imzalanmış olduğu Əsasnamənin tələblərini necə pozub. Məsələn, Ə.Həsənovun dayısı oğlu Məmmədəli Hüseyn oğlu Cəfərov uzun illərdir ki, sahibkarlıq fəaliyyəti ilə məşğuldur. Onun müxtəlif adlar altında yaratdığı və rəhbəri olduğu çoxsaylı firma, şirkət və MMC-lər daha çox metal tədarükü və satışı ilə məşğul olub. Fəaliyyəti bu və ya digər səbəb üzündən dayandırılmış zavodların avadanlıqlarını, Bakı, Sumqayıt, Gəncə və digər rayonlarındakı “köhnəlmiş” su və qaz xətlərini, Xəzər dənizində SOCAR-a aid estakada, boru və kəmərləri demontaj edərək BARMEK, poladəritmə zavodu və İrana satışının təşkili məgər sahibkarlıq fəaliyyəti deyil? Mən hələ M.Cəfərovun yaratmış olduğu hüquqi şəxslərin adını və ünvanını tez-tez niyə dəyişdiyinin səbəbini izah etmək istəmirəm. Qoy, əlaqədar orqanlar bunu araşdırsın. Yəni, bütün bunlardan xəbəri olduğu halda (hələ mən demirəm ki, Ə.Həsənovun himayəsi və iştirakı olmadan bütün bunları düşünmək və idarə etmək əsla M.Cəfərovun bacara və öhdəsindən gələ biləcəyi işlər deyil) Ə.Həsənov bu adamın 2005-ci ildən başlayaraq dalbadal 4 dəfə prezident sərəncamı ilə Şura üzvü təyin olunmasını necə təşkil edib?
Eyni sözləri Ə.Həsənovun həyat yoldaşı Sona Vəliyeva haqqında da demək olar. Az qala bütün Azərbaycan bilir ki, Sona Vəliyeva artıq neçə illərdir ki, geniş sahibkarlıq şəbəkəsini idarə edir. “Kaspi” qəzeiti, “Kaspi” liseyi, “Kaspi” uşaq bağçası, Xətai klinikası, neçə-neçə ticarət obyekti və gözəllik salonları, beynəlxalq mətbuat mərkəzi və s. Yəni, bütün bunlar az imiş kimi onu Teleradio Şurasına üzv təyin etdirmək çoxmu vacib idi?! Axı S.Vəliyevanın iddiası çox olsa da, həmin işləri görməyə fiziki cəhətdən imkanı yox idi. Hələ onu demirəm ki, S.Vəliyevanın Şura sədrinin müavini seçilməsi məhz Ə.Həsənovun tapşırığı ilə uzun müddət mətbuatdan gizli saxlanılıb. O da maraqlıdır ki, sədr müavini olduğu illər ərzində, hətta ara-sıra Şura iclaslarına gələndə belə bircə dəfə də olsun onun üçün ayrılmış iş otağının qapısını açmağa vaxtı olmayıb. Adamın işi və vəzifəsi çox olduğundan hansı birinə çatdırsın axı?!
Görün, Ə.Həsənov və S.Vəliyeva cütlüyü nə qədər “igid” adamdırlar ki, bu boyda işlərin, gəlhagəlin arasında vaxt tapıb hələ bir doktorluq dissertasiyası da “yazaraq” “müdafiə” ediblər. Özü də nə yazıblar, nədən yazıblar və necə yazıblar? Yəqin ki, bunları da bir araşdıran tapılacaq. Əsil vay-şivən də elə onda qopacaq. Sadalanan faktlara onu da əlavə edim ki, Ə.Həsənov 2000-ci ildən başlayaraq həm də Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçiliyi Akademiyasında Beynəlxalq münasibətlər və xarici siyasət kafedrasının müdiridir. Yaxşı olar ki, onu da araşdırsınlar görək, Prezidentin köməkçisi və eyni zamanda Prezident Administrasiyasında şöbə müdiri vəzifələrini tutan, geniş biznes şəbəkəsinin idarəçiliyi ilə gündəlik sıx məşğul olan bu şəxs həm də, pedaqoji fəaliyyətlə məşğul olmağa, özü də kafedraya rəhbərlik etməyə necə vaxt tapıb?! Yəni, bu dərəcədə asudəlik imiş?! Nəhayət, yüksək dövlət vəzifəsində özünü doğrultmayaraq vəzifədən kənarlaşdırılan bu “alim” indi geniş tələbə auditoriyası qarşısına çıxaraq nədən danışacaq?! Həm də, nə üzlə danışacaq?!
Oğulları Şamxal onlardan da “irəli” getdi. Uşaq ikən ABŞ-dan bəri dolaşaraq dəfələrlə az qaldı ki, elə özü də dolaşsın.
Ölkə Prezidentinin teleseriallar çəkilişinə ayırdığı millionların taleyi necə oldu?!
Bu yerdə istərdim ki, cənab Prezidentin 2011 və 2013-cü illərdə teleseriallar çəkilisi məqsədi ilə MTRŞ-na ayırmış olduğu 11 milyon manat vəsaitin taleyi ilə bağlı iki faktı təqdim edim.
Birinci fakt: 2013-cü ildə ayrılan 6 milyon manat vəsait MTRŞ tərəfindən özəl telekanallar (ANS, SPACE, Lider, ATV və ARB) arasında bərabər şəkildə bölündü. Məndə olan məlumata görə ATV-yə ayrılan pulların da xeyli hissəsi birbaşa Ə.Həsənovun tapşırığı ilə oğlu Şamxal Həsənova verildi. O, da guya prodakşın rəhbəri olaraq həmin pullar hesabına C.Cabbarlının “Aydın” pyesi əsasında eyni adlı teleserial çəkməli idi. Amma həmin teleserialı bu günədək efirdə görən olmadı. MTRŞ sədri Nuşirəvan Məhərrəmli isə bircə dəfə də olsun bu məsələni dilə gətirmədi.
İkinci fakt: Ayrılan 6 milyon manatın 1 milyon manatı “Xəzər” TV-yə verildi. “Xəzər” TV isə “Əli və Nino” serialı çəkilməsinə dair “Trem” prodakşınla müqavilə bağladı. Baxmayaraq ki, o dönəmdə artıq Leyla Əliyevanın təşəbbüsü ilə “Əli və Nino” filminin çəkilişi gedirdi. Mən bu məsələ ilə bağlı Şura sədri N.Məhərrəmli ilə söhbət edərək dedim ki, bəlkə “Xəzər” TV ilə “Trem” prodakşının müqaviləsinə yenidən baxaq. Axı, eyni əsər əsasında paralel olaraq iki film çəkilməsinə nə lüzum?! N.Məhərrəmli isə, – “bunun nə ziyanı var, qoy iki film olsun”, dedi. Müddət başa çatdı, amma “Term” prodakşının filmi üzə çıxmadı. Bu haqda N.Məhərrəmlinin tapşırığı əsasında Şura sədrinin müavini olaraq mən “Xəzər” TV-nin o zamankı rəhbəri Hüseyn Dinləməzlə telefon əlaqəsi yaradaraq filmin çəkilişi vəziyyəti ilə maraqlandım. O, da dedi ki, pulu alıb gediblər, nə film var, nə də özləri. Belə olanda mən bir qədər sərt tonda sual etdim ki, “bəs belə bir qeyri-ciddi hüquqi şəxslə müqavilə bağlayanda gözünüz, ağlınız harada idi?”
H.Dinləməzin mənə cavabı da kifayət qədər sərt və gözlənilməz oldu. Dedi ki, abi o adamları mən heç tanımırdım da, onları mənə siz yön gördünüz. Onun bu cavabı mənə bərk dəydi. Ona görə də səsimin tonunu bir qədər də qaldıraraq “Hüseyn bəy, Siz nə haqla mənimlə belə danışırsınız? İndiyədək mənim səninlə ya və şirkətinizlə hər hansı bir formada danışığım, yaxud da sizlərə xahiş və ya tapşırığım olub?!”
O, səsinin tonunu lap aşağı salaraq “abi mən siz deyəndə Şuranı nəzərdə tuturam. Bəli, mənə şəxsən sədriniz N.Məhərrəmli Ə.Həsənovun adından dedi ki, pulu məhz “Trem” prodakşına verin, onlar “Əli və Nino” serialı çəkəcək”.
Mən “Xəzər” TV rəhbərliyi ilə olan bu danışığımı dərhal və olduğu kimi sədr N.Məhərrəmliyə çatdırdım. O, qıpqırmızı qızararaq “gərək sən onunla o tonda danışmayaydın”, – dedi və bir daha həmin pullar üçün heç kəsdən hesabat tələb olunmadı. Beləliklə, ölkə prezidentinin teleseriallar çəkilişi üçün ayırmış olduğu pulları “xərcləndi”. Amma Azərbaycan tamaşaçısı o filmləri görmədi.
Şamxal Həsənlinin kaprizləri
Ə.Həsənovun oğlu Şamxal barədə daha bir neçə söz. Bu gənc oğlunun yaşı nədir, başı nədir ki, eyni vaxtda 2 telekanalın (“Xəzər” TV və “Dalğa”) və 3 radionun (Xəzər FM, Araz FM və radio qrup) idarəçiliyi ona verilsin (Artıq “Xəzər” TV-nin idarəçiliyi ondan alınıb, bəs “Dalğa” TV və radioların taleyi necə olacaq?!). Necə “idarə” etdiyi də hər kəsə bəlli idi. Şamxalın idarə etdiyi dönəmdə “Xəzər” TV gün ərzində bəlkə də 25-30 dəfə reklam və teleticarətlə bağlı qanunvericiliyin tələblərini kobud şəkildə pozurdu. Teleradio Şurasının sədri nəinki Şamxala, heç onun işçilərinə belə yol verdikləri çoxsaylı qanun pozuntuları ilə bağlı irad deməyə cəsarət etmirdi. “Xəzər” TV-nin bu şıltaqlığının qarşısı alınmadığından digər telekanallar da artıq üzə durmuşdu. İş o yerə çatmışdı ki, Teleradio Şurası Monitorinq şöbəsinin əməkdaşları “Xəzər” TV-nin monitorinqinin aparılmasına etiraz edirdilər. Haqlı da etiraz idi. Bir halda ki, aşkar olunan qanun pozuntuları ilə bağlı ölçü götürən yoxdur, onda o monitorinqləri aparmağın nə mənası vardı?
Mediaya yardım adı altında oyunlar
Ə.Həsənov və N.Məhərrəmli kamera və ya mikrofon qarşısına keçərkən tez-tez səsləndirdikləri tezislərdən biri də bu idi ki, guya qonşu dövlətlərlə müqayisədə Azərbaycanda reklam bazarı çox zəifdir. Birmənalı olaraq bildirirəm ki, bu, büsbütün yalan və absurd fikirdir. Bu, dövlətin mətbuata və televiziyalara yardım ayırmasına hesablanmış tam olaraq saxta bir təbliğat idi. Bu gün artıq hər kəsə aydın olduğu kimi, cənab Prezidentin xoş niyyətlə ayırmış olduğu o vəsaitlər sonda mətbuat və telekanalların inkişafına deyil, məhz Ə.Həsənov, N.Məhərrəmli və V.Səfərlinin maliyyə balansını daha da yaxşılaşdırmağa xidmət etdi.
Bu “siyasətin” arxasında gizlənərək “Xəzər” TV və Ə.Həsənovun qanadları altında olan bəzi digər telekanallar yaxşıca pul qazandılar. Sui-istifadədən söz düşmüşkən demək olar ki, bütün telekanallar neçə illərdir ki, “Kaspi” liseyinin, “Kaspi” uşaq bağçasının və “Xətai” klinikasının reklamlarını yayıb. Bir araşdıran olmayıb ki, indiyədək həmin reklamlar üçün cəmi nə qədər ödəniş olub?! Bəs telekanallarda gedən reklamların uçotu necə?! Təkcə “Xəzər” TV son 2-3 ildə bu sahədən milyonlarla qazanc əldə edib ki, onun da yalnız cüzi bir hissəsi rəsmi sənədlərdə əksini tapıb, yerdə qalan fantastik məbləğ isə Şamxalın cibinə gedib. Bir də ki, yetərincə gəliləri olan özəl televiziyalara və üst-üstə cəmi 50-60 nəfər oxucusu olmayan qəzetlərə dövlət tərəfindən axı niyə yardım edilməlidir?! Əgər maliyyə probləmləri olarsa, zəhmət çəkib onlar da dövlətdən kredit alsınlar. Necə olur ki, taxıl əkən fermer kredit alır, dəbdəbəli həyat tərzi yaşayan televiziya və qəzet təsisçisinə isə yardım edilir?!
Müəssisə rəhbəri necə olmalıdır?!