“Dekabrın 11-də biz Əbu-Dabi hava limanına, oradan da şəxsi nəqliyyat vasitəsi ilə “Dubay Mall”a gəlmişik. Dörd nəfər istirahət məqsədilə gəldiyimiz səfərdə anlaşılmazlıq səbəbindən saxlanılmışıq, ölkəni tərk etməyimizə icazə verilmir”. Bunu Oxu.Az-a saxlanılan Emin Bəhman oğlu Cəlilov deyib. O bildirib ki, dörd azərbaycanlı yoldaşdan ikisi ölkəyə geri qayıdıb, iki nəfər isə “Dubay Mall”da afrikalı uşaqla icazəsiz şəkil çəkdirdiyi üçün saxlanılıb: “Ticarət mərkəzində bir-birimizdən 10-15 metr aralı gəzirdik. Birdən orada afrikalı bir uşaq gördüm. Əlimi uşağın çiyninə qoyub şəkil çəkdirdim. Xatirə üçün dörd-beş saniyəlik bir video da çəkdim. Daha sonra təşəkkür məqsədilə uşağın başından öpdüm. İngilis dilində “çox sağ ol, təşəkkür edirəm” dedim.
Bizdən aralıda gəzən digər yoldaşımızı səslədik. O gəldi, altı-yeddi metr məsafədən mənim, uşağın və o biri yoldaşın şəklini çəkdi. Orada başqa heç nə olmayıb. Nə uşağa lağ etmişik, nə qeyri-etik davranışımız olub. Sadəcə, yanlış anlaşılma olduğundan anasının şikayətçi olduğunu deyərək bizi burada saxlayıblar. O uşaqla anası da turist idilər, Afrikadandırlar. Üç gün bizi nəzarətdə saxladılar. Daha sonra izahat alıb, telefonları alıb, buraxdılar. Dedilər ki, ölkədən çıxışınıza qadağa qoyulub, işiniz məhkəməyə göndəriləcək. 20-25 gün bizim işimizi yubatdılar.