Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Ermənistanın baş nazirinin Ordu Günündə səsləndirdiyi fikirlərə dair yerli medianın sualına cavab verib.
Pravda.az xəbər verir ki, “28 yanvar tarixində Ermənistanın baş naziri Nikol Paşinyan ordu günü ilə əlaqədar çıxışı zamanı, ölkəmizə qarşılıqlı silahlara nəzarət mexanizmi, habelə hücum etməmək haqqında pakt imzalamağı təklif etdiklərini bildirib. Bu fikirlərə dair şərhiniz nədir?” sualına cavab olaraq Ayxan Hacızadə bildirib ki, Ermənistan baş nazirinin açıqlaması Azərbaycanla Ermənistan arasında Sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında ikitərəfli Saziş layihəsi üzrə prosesdən fikir yayındırmaq məqsədi daşıyır.
“Azərbaycan tərəfinin sözügedən saziş layihəsi üzrə müzakirələr başlanandan etibarən Ermənistan tərəfinin öz Konstitusiyasında, qanunvericilik orqanının bir sıra qərarlarında, eləcə də 44 günlük Vətən müharibəsindən sonra müxtəlif beynəlxalq məhkəmələrə müraciətlərində, rəsmi yazışmalarında və beynəlxalq təşkilatlar çərçivəsində yaydıqları məktublarında Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı davam edən iddialara son qoymağa çağırış etməsinə baxmayaraq, indiyə qədər bu istiqamətdə Ermənistan tərəfindən hər hansı bir əməli addım atılmayıb. Bununla əlaqədar, Ermənistan tərəfinin bu istiqamətdə tədbirlər görmək əvəzinə, heç bir praktiki əhəmiyyəti olmayan təkliflər səsləndirməsi anlaşılmazlıq yaradır və qəbuledilməzdir.