Bakının Xəzər rayonunun Buzovna qəsəbəsində keçmiş qayınatası, qayınanası və qaynını qətlə yetirməkdə təqsirləndirilən Nofəl Səfərovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs Nofəl Səfərov ifadə verib.
O bildirib ki, düşmənçilik keçmiş həyat yoldaşı tərəfindən olub: "Davamız ailə münaqişəsi zəminində baş verirdi. İstintaqa verdiyim ifadəni təsdiq edirəm".
Daha sonra təqsirləndirilən şəxsin istintaq video-materialına baxış keçirilib. Materiala baxış zamanı məlum olub ki, təqsirləndirilən şəxs hadisə baş verən zaman sandıqları, şkafı, paltarları və yorğan-döşəkləri dağıdıb. O bildirib ki, evdən çıxandan sonra magistral yola tərəf gedib və üzündə olan maskanı yolda çıxarıb atıb: "Hadisə yerinə gələrkən əlimdə içində küt alət olan sellofan var idi. Hadisə günü qəssabxanada idim. Sonra dostumun kafesinə getdim. Orada olanda oğlum zəng elədi ki, belə bir hadisə baş verib. Mən də hadisə yerinə getdim. Mən hadisənin səhəri günü saxlanıldım. Azərbaycan dilində oxuya bilmirəm. İfadəni qabağıma qoydular, mən də imzaladım".
Daha sonra təqsirləndirilən Nofəl Səfərov oğlunun da ifadə verməsini istəyib: "Oğlum şöbədə mənim səs-küyümü eşidirdi. Gəlsin ifadə versin".