Azərbaycan payızda keçiriləcək COP29-un prezidenti olmaqla üzərinə böyük rol götürüb ki, bu, ölkə üçün böyük imkanlar, amma eyni zamanda böyük öhdəliklər deməkdir.
Bunu Almaniya Xarici İşlər Nazirliyinin beynəlxalq iqlim siyasəti üzrə xüsusi nümayəndəsi, dövlət katibi Cennifer Morqan Bakıda bir qrup jurnalistlə görüşündə deyib.
Tədbirə ev sahibliyi edəcəyi ilə bağlı ölkə hökumətini təbrik edən C.Morqan qeyd edib ki, COP-un Bakıda keçirilməsi müəyyən mənada “tam tsikl” yaradır: “Dünyada böyük miqdarda qalıq yanacaq ehtiyatlarının intensiv kəşfiyyatına və işlənməsinə başlayan ilk ölkə kimi Azərbaycanın hazırda bərpa olunan enerji mənbələrinə keçid üzərində işləməsi və enerji səmərəliliyinə çalışması həqiqətən maraqlıdır. Ölkə hökuməti bərpaolunan enerji mənbələrinə keçiddə maraqlı olduğunu bildirir. COP28-də qəbul edilmiş qərarları həyata keçirmək üçün daha yaxşı yeri haradan tapmaq olar?!”
Onun sözlərinə görə, Almaniya ənənəvi enerji resurslarından bərpa olunan mənbələrə keçidi çox fəal şəkildə həyata keçirir, elektrik enerjisinin demək olar 50 %-i onlardan əldə edilir və ölkə neft, qaz və kömürdən tamamilə imtinaya doğru gedir. “Almaniya bu sahədə toplanmış təcrübəsini bölüşməyə hazırdır”, - C.Morqan bildirib.