Sabunçu Rayon Məhkəməsində "Sea Breeze”dəki dava ilə bağlı başlanmış 3 cinayət işindən biri ilə bağlı növbəti məhkəmə prosesi keçirilib. Artıq proses yekunlaşmaq üzrədir. İş üzrə müttəhimlər kürsüsünə Elmir İsmayılov, Peyman Vəlizadə, Məhəmməd Həsənzadə və məktəbli M.Ə çıxarılıblar. Zərərçəkən kimi isə Elnur Leysan oğlu Məmmədov və Cavad Muradov tanınıblar.
Bu ilin yayında baş verən hadisədən dərhal sonra Elnur Məmmədovun təşəbbüsü ilə Elmir İsmayılov və digər şəxslərlə görüş keçirilib. Həmin görüşdə Elnur Məmmədov baş verənlərə görə hər kəsdən, özəlliklə Elmir İsmayılovdan üzr istəyib, barışıblar. Elnur Məmmədov Elmir İsmayılova deyib ki, içkili vəziyyətdə əzdiyi maşınını da düzəltdirəcək. Növbəti gün isə Elnur Məmmədov hüquq mühafizə orqanlarına şikayət ünvanlayıb və bu gün müttəhimlər kürsüsünə çıxarılan şəxslərlə yanaşı, Elnur Məmmədovun dostu Cavad Muradov da saxlanılıb. "Sea Breeze”də dava saldığını məhkəmədə belə gizlətməyən Elnur Məmmədov isə həbs olunmayıb, azadlıqda gəzir.
Hadisənin təfərrüatına gəlincə, Elnur Məmmədov qohumu Vüqar Tağıyev və dostu Cavad Muradovla "Sea Breeze”də restoranda əyləşiblər. Vüqar Tağıyev qonşu masada olan Elmir İsmayılovu əvvəldən tanıdığından onu özünün olduğu masaya dəvət edib. Vüqar Tağıyevin dəvətini qəbul edən Elmir İsmayılov masaya yaxınlaşıb, süfrə ətrafında olanlarla salamlaşıb. Elnur Məmmədov onun salamına nalayiq söyüşlər işlətməklə cavab verib. Elmir İsmayılov Elnur Məmmədovun içkili olduğunu başa düşdüyündən ona baş qoşmayıb. Vüqar Tağıyev də Elnur Məmmədovun içkili olduğunu, hərəkətlərinə, danışığına nəzarət edə bilmədiyini deməklə Elmir İsmayılovdan üzr istəyib. Bir müddət sonra Elmir İsmayılov restorandan çıxıb. Buna baxmayaraq, Elnur Məmmədov Elmir İsmayılovu təqib edərək söyüşlərini davam etdirib.

Sərxoş halda olan Elnur Məmmədov mübahisə zamanı Elmir İsmayılovu gözdən itirib və onu axtararkən qarşısına çıxanlarla da mübahisə etməyə, onlara da yumruq, təpik atmağa başlayıb. Onun bu hərəkətləri "Sea Breeze”dəki nəzarət kameralarına da düşüb və mətbuatda da yayılıb. Mübahisə sakitləşəndən sonra Elmir İsmayılov dayanacağa gedərək özünə məxsus avtomobilə əyləşib və ayıq sürücü maşını dayanacağın çıxışına tərəf sürüb. Həmin vaxt restoranın dayanacağında sıxlıq olduğundan bir qədər ərazidə ləngiyib. Bu zaman Elnur Məmmədov Elmir İsmayılovun maşınının qarşısını kəsib, ərazidən uzaqlaşmağa çalışan Elmir İsmayılovu avtomobildən düşürüb, ona xəsarət yetirib. Elmir İsmayılovun avtomobilinə də zərbələr vurmaqla yarasız hala salıb.
Mübahisənin səhəri gün Elnur Məmmədov spirtli içkinin təsirindən ayılıb və dostu Cavad Muradovla birgə tərəflər görüşüb, barışıblar. Birinci cinayət işində Elnur Məmmədov tərəfindən təhqir edilən, xəsarət yetirilən, avtomobili əzilən Elmir İsmayılov, Peyman Vəlizadə, Məhəmməd Həsənzadə və Sumqayıt məktəblərindən birinin 10-cü sinif şagirdi M.Ə təqsirləndirilən şəxs, davanın səbəbkarı Elnur Leysan oğlu Məmmədov və dostu Cavad Vahid oğlu Muradov zərərçəkən kimi tanınıblar. İkinci cinayət işində isə Elnur Məmmədovun dostu Cavad Muradov və Şamxal Məmmədov təqsirləndirilən şəxslər, Elmir İsmayılov, onun qardaşı Elgün İsmayılov, Peyman Vəlizadə və Məhəmməd Həsənzadə zərərçəkəndirlər.
İstintaqda olması iddia edilən üçüncü cinayət işində isə Elnur Leysan oğlu Məmmədov və hazırda axtarışda olan digər şəxslər təqsirləndirilən statusundadırlar. Bu işlə bağlı hər hansı bir rəsmi məlumat, açıqlama, arayış yoxdur. 3-cü cinayət işin olması yalnız şifahi məlumatlara əsaslanır. Elnur Məmmədovun barəsindəki cinayət dosyesi isə hələ ki, məhkəməyə göndərilməyib. O, zərərçəkən kimi tanındığı iş üzrə keçirilən 26 məhkəmə prosesindən 3-nə qatılıb. Hər dəfə məhkəməyə qardaşına məxsus "TT Fight Club”da məşq edən 15 nəfərə yaxın idmançının əhatəsində gəlib.
Elnur Məmmədov məhkəmədə də "Sea Breeze”dəki qalmaqallı hərəkətlərini inkar etməyib. Hakimin "o videoda sizi görmürük” sualına Elnur Məmmədov "Necə mən yoxam?! Hamını vuran o köynəksiz mənəm dəə” cavabını verib.
