Son illər Səhiyyə Nazirliyinin Akademik C.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru Gülnaz Dadaşovanın fəaliyyəti ilə bağlı mətbuatda dəfələrlə tənqidi yazılar dərc olunsa da, bu, elm ocağında vəziyyət düzəlmir ki düzəlmir.
Hətta kollektivin davamlı narazılığı və şikayətləri, İnstitutdan xaric edilən professor və işçilərin mətbuatda dərc olunan qalmaqallı müsahibələrindən sonra Səhiyyə Nazirliyi Kardiologiya İnstitutuna yoxlama komissiyası göndərsə də, bu da nəticə vermədi. İnstitut kollektivinin bildirdiyinə görə, himayədarları bu dəfə də Gülnaz Dadaşovanı cəzalandırılmaqdan sığortalaya bildilər.
Görünür elə bu cəzasızlıq İnstitutun direktorunu necə deyərlər, yeni-yeni "qəhrəmanlıqlara" həvəsləndirir. Bakupost.az -a daxil olan məlumata görə, İnstitutun kollektivi öz problemləri ilə bağlı direktorun qəbuluna düşə bilmir. İşçilər İnstitutdakı problemlərlə bağlı onunla görüşmək üçün kollektiv şəkildə müraciət etsələr də, direktor onların bu istəyini də geri çevirib.
Kollektivin əsas narazılıqlarından biri İnstitutdakı mühit, iş rejimi, elmi işçilərə sayğısız münasibətlə bağlıdır. Belə ki, işçilərin bildirdiyinə görə, İnstitut direktorunun müavini Azər Mirzəxanlı "burda mənəm, Bağdadda kor xəlifə" ədası ilə davranır. Qeyd edək ki, bu barədə əvvəllər də tez-tez mətbuatda müxtəlif məlumatlar yayılır, Gülnaz Dadaşovanın geniş səlahiyyətlər verdiyi A.Mirzəxanlının əsassız olaraq, bəzən isə xırda məsələlərə görə işçilərə izahat yazdırdığı qeyd olunurdu. Kardiologiya İnstitunun elmi işçilərindən biri bu inzibatçılığa münasibət bildirərkən, "sanki elmi-tədqiqt institutunda deyil, "konslagerdə" çalışırıq" demişdi.
Kollektivin bildirdiyinə görə, direktor müavini Azər Mirzəxanlı açıq şəkildə Prezidentin 14 yaşına qədər uşaqları olan həkimlərin növbətçiliyi haqqında fərmanının onu maraqlandırmadığını deyir. Onun institutun əməkdaşlarını həmin fərmana pozmağa məcbur etdiyi bildirilir.
İnstitutda çalışanlar Gülnaz Dadaşovanı bu elm ocağında qoçu dəstəsi saxlamaqda da ittiham edirlər:
"Direktor institutda öz məsələlərini həll etmək üçün qoçu dəstəsi saxlayır. Bu adamlar onun sürücüsünün qohumlarından ibarətdir. Gülnaz Dadaşova onların hərəsinə bir iş verib. Həmin adamlar kabinetlərə daxil olur, direktorun göstərişlərini həkimlərə çatdırırlar".
Qeyd olunur ki, İnstitutda kapital təmirə ehtiyac var. Belə ki, hər dəfə isitmə sistemi sıradan çıxır və həkimlər onu öz vəsaitləri hesabına təmir etdirirlər.