“Elm və Təfəkkür Universiteti”nin prorektoru Tariyel Əhmədovun öldürülməsində təqsirləndirilən Müşviq Atakişiyev, Dəyanət Quliyev və Samir Quliyevin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Siyavuş Hacıyevin sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə verib. Zərərçəkmiş Tariyel Əhmədovun kürəkəni Babək Aslanov ifadəsi zamanı ilk vaxtlardan Müşviq Atakişiyevdən şübhələndiyi deyib: "Mənə demişdilər ki, Tariyel yıxılıb. Yasa gələndə Müşviqlə dalaşdım. Dedim Tariyelin ölümündə sənin əlin var. Sonra onu yasdan qovdum. Tariyel Əhmədov mənimlə hər şeyi danışırdı. Deyirdi ki, onunla yola getmirik. Bu işdə birinci məndən şübhələnirdilər. Neçə il dedim mən heç nə etməmişəm, günahkar Müşviqdir. İstintaq yenidən başlayanda da mənim adımı yazmışdılar".
Daha sonra təqsirləndirilən Dəyanət Quliyevin qardaşı Xalid Quliyev ifadə verib. O, ifadəsində hadisədən xəbəri olmadığını deyib: "Dəyanət qardaşımdır. Samir də qonşumuz olub. Yoldaşı məni yığdı ki, bəs Dəyanəti polis aparıb. Dəyanət həmişə deyirdi ki, ürəyimdə bir sirr var, amma deyə bilmirəm. Bir dəfə Dəyanətin qızı Fəridə mənə dedi ki, bəs atam içkili olanda hadisıni ona danışıb. Dedim səbrli ol, heç yerdə danışma. Samirlə bir dəfə dalaşanda o mənə dedi ki, nəslinizin ipi əlimdədir. Mən də nə dediyini başa düşmədim".
Sonda ifadə verən təqsirləndirilən Samir Quliyevin qardaşı Rövşən Quliyev hadisə baş verən zaman ölkədə olmadığını deyib: "2010-2023-cü ilin yanvarına qədər Rusiyada işləmişəm. Bura gələndə anam Samirin narahat olduğunu dedi. Özü ilə danışdım heç nə demədi. Dəyanət tutulandan sonra Samir çox narahat idi. Tutulmamışdan 10 gün qabaq anamla danışıb. Hər şeyi ona deyib. Mən də həmin vaxt onunla danışdım. Dedi ürəyimdə bir sirr var, deyə bilmərəm. Daha sonra anam mənə Samirin dediklərini söylədi. Samir tutulandan sonra təcridxanada yanına getdim. Orada olanda mənə bütün məsələni danışdı. Dedi ki, sifarişi Dəyanət verib. Dəyanət ona 30 min dollar pul, ev, maşın və həyatını yaxşılaşdıracağı sözünü verib. Sonra bu vədinə əməl etməyib. Dəyanət Samirə müəyyən vaxtlarda xırda məbləğlər verib. Dəyanət Samirin Müşviqlə görüşməyini istəmirdi. Samir hər dəfə görüşmək barədə danışanda Dəyanət söhbəti fırladırmış. Dəyanət bu illər ərzində Müşviqdən Samirin adına pullar alıb".
Bundan başqa, ifadə verən digər şahidlər Müşfiq Atakişiyevlə Tariyel Əhmədov arasında əvvəllər yaxşı münasibət olduğunu, sonradan problem yarandığını, aralarında yaranan problemin vəzifə üstündə olduğunu bildiriblər.