Azərbaycanda 7 fevralda keçiriləcək Prezident seçkiləri, seçki öncəsi durum və namizədlərin şansları xarici KİV-lərin də diqqət mərkəzindədir. Özbəkistanın nüfuzlu Darakchi.uz, Platina.uz, İshonch.uz İnformasiya portalları mövzu ilə bağlı “İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlının açıqlamasını dərc edib.
F.Şahbazlı Özbəkistan müsahibəsində qeyd edib ki, 7 fevralda Azərbaycanda baş tutacaq Prezident seçkilərinin ölkəmizin bütün ərazilərində suverenliyini tam bərpa etdikdən sonra keçirilməsi vacib tarixi-siyasi hadisədir. O bildirib ki, son otuz ildə ilk dəfədir ki, Azərbaycan seçicisi ərazi bütövlüyü tam təmin edilmiş suveren bir dövlətin vətəndaşı kimi səs verəcək. F.Şahbazlı qeyd edib ki, bu baxımdan seçkilər həm də Azərbaycanın dövlət olaraq gələcək təhlükəsizliyinin təmin edilməsi, yeni çoxvektorlu inkişaf strategiyasının icra olunması ilə bağlı Azərbaycan xalqının siyasi iradəsinin ifadəsi olacaq.
Onun sözlərinə görə, Azərbaycanda olduqca demokratik və əlverişli seçki mühiti mövcuddur. F.Şahbazlı bildirib ki, seçkilərin beynəlxalq seçki standartlarına uyğun azad və şəffaf şəkildə keçirilməsi üçün möhkəm siyasi iradə var: “Həm prezidentliyə namizədlərin qeydiyyatı mərhələsində, həm də hazırkı təbliğat və təşviqat dövründə bütün namizədlər üçün bərabər şərait yaradılıb. Seçkilərdə hazırki iqtidarın namizədi ilə yanaşı, müxalifət partiyalarını təmsil edən və bitərəf namizədlər mübarizə aparır. Bütün prezidentliyə namizədlər qanunvericiliyin yaratdığı imkanlardan istifadə edərək, müstəqil şəkildə təşviqatla məşğul ola bilərlər.
Eyni zamanda, yerli və beynəlxalq müşahidəçilər seçkilərə böyük maraq göstərməkdədirlər. Onlar da öz müşahidələrinə əsasən, Azərbaycanda şəffaf seçki mühitinin olduğunu qeyd edirlər. Ən əsası isə Azərbaycan vətəndaşlarının seçki prosesinə böyük marağı var. Əminəm ki, seçkilər günü bütün vətəndaşlarımız aktiv şəkildə dəstəklədikləri namizədə səs verəcəklər”.
