Nə vaxtsa “Faytonçu Nazim”in mənə çörək satacağını düşünməmişdim. Faytonçu indi çörəkçi olub. Müsahibəmiz də müğənnin yeni açdığı çörək dükanında baş tutur.
Lent.az-ın müsahibi müğənni Nazim Pişyaridir
- “Faytonçu Nazim” niyə məhz çörək dükanı açdı?
- Çörək bərəkətdir də. Bu çörəkləri xüsusi alman və fransız texnologiyası ilə, kimyəvi qatqı olmadan, kişmişlə mayalayaraq hazırlayırıq. Sağlam qida olsun, insanlara faydam toxunsun istədim. Bütün sənət adamları özlərinə əlavə bir iş qururlar. Sənətin də müəyyən bir ömrü var. Hara qədər oxuya biləcəm? Bilmirəm axı. Həm yavaş-yavaş toy bazarından çəkilmək istəyirəm.
- Niyə? İndi səsi olan da, olmayan da toy biznesinə can atır?
- Mən həmişə individual düşünmüşəm. Efirə şlyapada, pançoda ilk dəfə mən çıxmışam. Hamı necə edirsə elə yox, öz istədiyim, düz bildiyim kimi yaşayıram. Atam həmişə klassik üslubda, kostyum, qalstuk, şlyapa geyinirdi. Mən də düşünürdüm ki, böyüyüb onun kimi geyinəcəm. İndi sima olaraq bənzəməsəm də, atamın geyim üslubuna sadiqəm. Klassik estrada ifaçısıyam. Konservatoriyanı klassik estrada müğənnisi olaraq bitirmişəm. Sonradan bir az pul-paraya görə, üslubumu dəyişib fərqli janrlarda ifalar elədim.
- O cümlədən də şanson. Sizi şanson ifaçısı hesab eləmək olar?
- Şanson da ciddi janrdır, bu janrda ifalarım olub. Efirdə ancaq klassika, toylarda şanson, ritmik musiqilər ifa edirəm. Şanson asan deyil. Mirzə Babayev kimi böyük müğənni Azərbaycanda ilk şanson ifaçısıdır. Toy bazarından getmək istəyimə gəlincə, yolu cavanlara vermək lazımdır. İstəmirəm kimsə məni toyuna çağıranda kənardan desinlər o qocalıb, daha oxuya bilmir. Hər aşiqin öz dövranı var. Vaxtında çəkiləndə daha qiymətli olursan, sənin üçün darıxmağa başlayırlar. Məsələn Elmira Rəhimova, Müslim Maqomayev vaxtında getdilər. Mən böyük sənətkarların keçmiş hörmətlərini qorumasının tərəfdarıyam, nəinki çıxıb sosial proqramlarda ekspert kimi çıxmalarına. O gərək öz səviyyəsini qorusun, vaxtilə mədəniyyətə verdiyi töhfələri öz əli ilə məhv eləməsin. Yaşlı nəsil səhnədən getməyi, cavanlara yol açmağı bacarmalıdır.
- Yol açdığınız cavanlar olub?
- Aygün Şükürova, Sevda Yəhyayevanın və bir neçə müğənninin yetişməsində rolum var. Müəllimlik etməmişəm, istiqamətləndirmişəm, yol göstərmişəm.
- Toy sənəti, sənətkarlığı böyüdür yoxsa kiçildir?
- Toy bilirsiniz nədir? Pul qazanmaq yeri. Oxuya bilən də, bilməyən də toya gedir. Əsl sənət başqadır. Heyf ki, indi efirlərimiz də pis gündədir. Keçmişdə yarımçıq müğənniləri efirə dəvət etmirdilər. İndi pulun var çıx oxu. Efir olub toyxana, kimi gəldi buraxırlar.
- Sizcə “Toylar kralı” kimdir?
- Hansı toya kim dəvət alıbsa, o toyun kralı odur. Elə bir titul yoxdur, öz aramızda uydurulmuş şeydir. Nə kral?
- Fəxri adınız yoxdur. 30 ildir səhnədəsiniz. Ad almamağınız sizi küsdürür?
- Yox. Çıxaq xalqın arasına, görək məni çox sevirlər, yoxsa o heç tanınmamış Xalq artistini. Gərək xalqın adamı olasan. Bu adları ucuzlaşdırdılar, ona görə, mənim üçün önəmi yoxdur. Nə qədər çox sevildiyimi xəstələnəndə anladım. 2017-ci ildə ödümü kəsən həkim xətaya yol vermişdi, fəsad yarandı, pis günə qaldım. Onda mənə gələn SMS-lərin, mesajların ardı-arası kəsilmirdi. Braziliyadan, Almaniyadan, Fransadan, İsraildən, Türkiyədən, Rusiyadan məktub yazmışdı soydaşlarımız. Bilirsiniz neçə SMS gəlmişdi? Düz 1 milyon. Bu xalqın artisti olmaq deyilmi?
- Başqa ölkələrə konsertlərə dəvət almısınız?
- Əlbəttə. Son səfərim Almaniyaya olub. Hamburqda solo konsertim vardı. Ondan öncə İsrailin 3 böyük şəhərində konsertlər vermişdim. 2023-cü ildə Amerikanın 3 ştatının 7 şəhərində solo konsertim oldu. Texas, Kaliforniya, Nyu-York ştatlarında konsertlərim oldu. Yeni il ərəfəsində ABŞ-da “Devidson” radiosunun “Karavan” verilişində müsahibəm yayımlandı.
- Estetik əməliyyatlarla gəncləşməyə, əməliyyatla arıqlamağa necə baxırsınız?
- Ehtiyac varsa, elədənlərə heç nə demirəm. Amma gərəksiz yerə bıçaq altına yatmaq xəstə təfəkkürün məhsuldur, buna pis baxıram. İradəsi olmayan adamlar mədə kiçiltmə əməliyyatına gedir. Yemə kökəlmə, ağzını kilidlə. Üzümü dartdırmaqla cavan olacam? Üzümdəki hər qırışın bir xatirəsi var, ömrümün izidir. İllər gəncliyimizi alıb əvəzinə müdriklik, kamillik verib. Mən necə mənimlə eyni nəsildən olan insanlardan fərqlənim? Pərəstişkarlarım qocalacaq, mən cavan qalacam? 55 yaşım var, hələ saçıma boya qoymuram. Qocalıq özünü başın yox, qaşın ağarması ilə göstərir. İnsan sabaha yaşamaq şövqü olmayanda qocalır. Xəstələnəndə 25 gün yataqdan qalxa bilmədim. Amma özümə dedim ki, yaşamaq istəyirəm, qabaqda hələ çoxlu işlərim var, qız köçürməliyəm, oğul evləndirməliyəm, baba olmalıyam.
- Baba oldunuz?
- Qızımı da köçürdüm, oğlumu da evləndirdim, bir nəvəm var, Aylin. Uşaqlar Kaliforniyada yaşayırlar.