Azərbaycan MMA və Qrapplinq Federasiyasının baş məşqçisi Ruslan Əfəndiyev və tələbələri Tofiq Musayev, Xəzər Rüstəmov, Vüqar Kərəmov, Mehman Məmmədov və Rüfət Əsədov tərəfindən döyülən veteran idmançı Həsən Əzizov barışıq ərizəsi yazıb.
Bakupost.az xəbər verir ki, təqsirləndirilən şəxslər Həsən Əzizovun üzvü olduğu Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporuna müraciət ediblər. Təşkilat rəhbərliyinin məsələyə müdaxiləsindən sonra tərəflər arasında barışıq əldə olunub.
Barışıq əldə olunduqdan sonra zərəçəkmiş Həsən Əzizov və təqsirləndirilənlərdən biri çempion Murad Musayev Bakupost.az-ın redaksiyasına gələrək müsahibə veriblər və bu hadisədən ictimaiyyətin xəbərdar olmasını istəyiblər.
Qeyd edək ki, idmançılar arasında dava bir neçə ay əvvəl Dəniz Mall-da baş verib.
Həsən Əzizov "Rizin” Döyüş Federasiyasının paytaxtda təşkil etdiyi turnirlə bağlı şou mərasimi zamanı döyülüb. Mərasimə 4 yaşlı uşağı ilə qatılan idmançı MMA və Qrapplinq Federasiyasının baş məşqçisi Ruslan Əfəndiyev və tələbələri Tofiq Musayev, Xəzər Rüstəmov, Vüqar Kərəmov, Mehman Məmmədov və Rüfət Əsədovun hücumuna məruz qalıb. Onlar döydükdən sonra onu paltardəyişmə otağına apararaq idman kariyerasını sonlandırmaq üçün şəxsiyyətini alçatmaq istəyiblər. Buna səbəb Həsən Əzizovun idman yarışına xaricdən idmançı dəvət etməsi olub.