Lisenziyaları ləğv edilmiş 4 bankda əhalinin təxminən 3 milyon manat qorunmayan əmanəti var. Bunu Mərkəzi Bankın sədri Elman Rüstəmov bildirib.
“Təxminən 99%-dən yuxarı qorunan əmanətlərdir. Qorunmayan cəmi 3 milyon manat əmanət var. Burada da müxtəlif səbəblər var: bank ilə əlaqədar şəxslər var, yüksək faizlərə risk edənlər var, ola da bilsin ki, məlumatsızlar var”, - deyə Mərkəzi Bank sədri bildirib.
Qeyd edək ki, qorunmayan əmanətlərə görə kompensasiya ödənilmir.
Elman Rüstəmovun bildirdiyinə görə, lisenziyası geri alınmış 4 bankda əhalinin qorunan əmanətlərinin ümumi məbləği 686 milyon manat təşkil etməklə, ümumilikdə 215 min əmanətçini əhatə edir. Bu banklarda ümumi əmanət portfelinin 99%-dən çoxu qorunan əmanətlərdir və onlar tam kompensasiya edilir. Aktivlərin reallaşdırılmasından və əmlakın satışından daxil olan vəsaitlər sözügedən bankların digər öhdəliklərinin (biznes subyektlərinin, eləcə də əmanətlərin sığortalanması sxemi ilə əhatə edilməmiş fiziki şəxslərin qarşısında olan öhdəliklərinin) qanunvericiliklə müəyyən edilmiş növbəliklə icrasına yönələcəkdir.
Xatırladaq ki, Mərkəzi Bank “AtaBank”, “Amrahbank”, “AgBank” və “NBC Bank”ın lisenziyalarını ləğv edib.
Məlumdur ki, Azərbaycanda əmanətlərin tam sığortalanması ilə bağlı qanunvericilik qüvvədədir. Bu qanuna görə, bank bağlandığı halda əmanətlər Əmanətlərin Sığortalanması Fondu tərəfindən sahiblərinə qaytarılır.
Bəs bu halda qorunmayan əmanətlər necə yaranır? Bunun məsuliyyəti hansı tərəfin - əmanətçinin, yoxsa bankın üzərinə düşür?
Bank məsələləri üzrə ekspert, hüquqşünas Əkrəm Həsənov bildirib ki, bu cür durumun yaranması bir sıra səbəblərlə bağlıdır: “O əmanətlər sığortalanır ki, onların faizi Əmanətlərin Sığortalanması Fonudunun müəyyən etdiyi maksimal faiz dərəcəsindən çox deyil. Hazırda əmanətlər üçün milli valyutada 12, xarici valyutada 2, 5 faiz tətbiq olunur. Bəzən kimlərsə daha çox qazanmaq istəyirlər. Məsələn, bank onlara təklif edir ki, 16-20 faizlə əmanət qoya bilər. Bu halda vətəndaş bilir ki, onun əmanəti qorunan deyil, amma bunu qəbul edir. İkinci halda vətəndaş bunu bilməyərəkdən edir. Bank əmanəti daha yüksək faizlə götürür və vətəndaş bununla bilməyərəkdən razılaşır”.
Əkrəm Həsənov deyir ki, digər halda qorunmayan əmanətlər banka rəhbərliyinə daxil olan şəxslərin əmanətləri olur:
“Burada məntiq ondan ibarətdir ki, banka pis rəhbərlik edildiyi üçün o bu vəziyyətə düşüb, buna görə də həmin əmanətlər qorunan deyil. Başqa bir hal da olur ki, əslində qorunan əmanəti qorunmayan əmanət kimi qələmə verirlər. Hətta bununla bağlı bir neçə məhkəmə prosesini, müvəkkil olaraq udmuşam. Məsələn, belə hallar olub, vətəndaş əmanəti banka qoyan zaman qorunan əmanət kimi qoyub, bu zaman milli valyutada qorunma faizi 15 faiz olub, sonra isə qorunma faizi 12 faizə endiriblər, bank isə onu 15 faizlə saxlamaqda davam edib. Vətəndaşın isə bundan xəbəri olmayıb. Bu cür proseslər “Bank Standart”la, “Dəmir Bank”la bağlı baş verib. Bəzən banklar bu məsələyə riayət etmir”.