Xəbər verdiyimiz kimi, Polşada iki aylıq övladı ilə birgə itkin düşən azərbaycanlı qadının meyiti çayda aşkar edilib. İtkin düşmüş soydaşımız Adilə Mehdiyevanın cansız bədəni Oder çayından tapılıb. Cəsəd tanınmaz haldadır və onun mərhuma aid olması yalnız geyimindən müəyyən edilib. Qeyd edək ki, Adilə Mehdiyeva ötən ilin 17 dekabr tarixində iki aylıq övladı ilə birlikdə itkin düşüb. Mərhumun cəsədi tapılsa da, övladının taleyi ilə bağlı məlumat yoxdur.
“Bizimmedia.az” müəmmalı şəkildə dünyasını dəyişən Adilə Mehdiyeva ilə bağlı bəzi təfərrüatları əldə edib. Adilə Mehdiyeva əslən Naxçıvandandır və ziyalı ailədə dünyaya göz açıb.
Onu tanıyanlar Adilənin həddinədən artıq mehriban, tərbiyəli və savadlı qız olduğunu bildirirlər. Adilə Mehdiyeva Azərbaycan Dillər Universitetini bitirib.
Daha sonra magistratura təhsili almaq üçün Polşanın Lodz şəhərinə, təhsil alandan sonra isə Vroslav şəhərinə köçüb. Orada yaşayıb və işləyib. Adilə Mehdiyeva polyak dilini zəif bildiyi üçün insanlarla ingilis dilində ünsiyyət qururmuş. Elə həmin şəhərdə beynəlxalq korporasiyada çalışan fransız əri ilə tanış olur və izdivacları baş tutur. Ötən ilin oktyabrında övladları Emil dünyaya gəlir. Məlumatlara görə cütlüyün bərabərliyi uzun sürmür.
Dekabrın 17-də 29 yaşlı Adilə Mehdiyeva iki aylıq oğlu ilə yaşadığı mənzilini tərk edib və o vaxtdan telefonu susub.