2018-ci il iyunun 11-i gecə saat 1-də 1978-ci il təvəllüdlü Şahin İmamov Xaçmaz rayon Polis Şöbəsinə könüllü gələrək mayın 31-də qonşusu Elburus Abdullayevlə birlikdə Mirzağa adlı şəxsi meşə ərazisində öldürdüklərini və meyiti orada basdırdıqlarını bildirib. Məlumatın düzgünlüyünün yoxlanılması məqsədi ilə həmin şəxs Əbilyataq kəndindəki meşə massivinə aparılıb. Onun göstərdiyi yerdən meyit qazılaraq çıxarılıb və patoloji anatomiya şöbəsinə göndərilib. Öldürülən şəxsin Xaçmaz şəhər sakini 1967-ci il təvəllüdlü Mirzağa Əzizov olması müəyyənləşdirilib. 1975-ci il təvəllüdlü Elbrus Abdullayev saxlanılaraq cinayət məsuliyyətinə cəlb olunub.
Faktla bağlı Xaçmaz Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
Lent.az məlum qətl hadisəsinin istintaq materiallarını təqdim edir:
İstintaqla müəyyən edilib ki, Elbrus Abdullayev tanışı Mirzağa Əzizova olan 4500 manat borcundan yaxa qurtarmaq və onun yaşadığı Bakı prospekti ev 95 mənzil 5-də olan 5500 manat pulunu ələ keçirmək üçün onu öldürmək qərarına gəlib. Niyyətini həyata keçirməyi şəhər sakini Şahin İmamova təklif edib. Mayın 31-i saat 12 radələrində zəngləşib görüşəndən sonra Mirzağa Əzizovu aldadıb, öz avtomobili ilə rayonun Əbilyataq kəndində yerləşən meşə massivinə gətiriblər. Orada baltanın çapıcı hissəsi ilə həmin şəxsin başına zərbələr vurub, onu qazdıqları quyuya atıblar. Ardınca huşsuz halda olan Əzizovun baş və boyun nahiyələrinə belin iti hissəsi ilə əlavə zərbələr endirib, zərərçəkəni xüsusi amansızlıqla öldürüblər. Mərhumun şalvarının cibindən onun yaşadığı mənzilin açarını götürüb, meyiti cinayətin alətləri ilə birgə quyuda basdırıblar. Sonra öldürdükləri şəxsin evinə gedib, ona məxsus pulları və başqa ölkəyə getməsi görüntüsünü yaratmaqdan ötrü xarici pasportunu götürüblər. Həmin gün birlikdə Bakı şəhərinə gedərkən, yolda pasportun vərəqələrini cırıb, məhv ediblər.
İş üzrə dindirilmiş Elbrus Abdullayev bildirib ki, Quba rayonun 2-ci Nügədi kəndində anadan olub, Xaçmaz şəhərinin Gəncəvi küçəsində fərdi evdə yaşayıb və Şahin İmamov qonşusudur. Mirzağa Əzizovla 2014-cü ildən dostluq edib, bir-birilərinin evinə gediş-gəlişləri olub:
“Mirzağanın sol ayağı fiziki qüsurlu olduğundan o, ağsayaraq gəzirdi. Ailə qurmamışdı, Xaçmaz şəhərinin Bakı prospektində, əlillər üçün inşa edilmiş binada yaşayırdı. 2016-cı ildə mənə faizə 500 manat borc pul verdi. Həmin məbləği qaytarandan sonra ayrı-ayrı vaxtlarda ondan ümumilikdə faizsiz 4500 manat pul götürmüşəm. Lakin imkanım olmadığından borclarımı qaytara bilmədim. Mirzağa bir neçə dəfə məndən pulunu tələb etsə də, ondan möhlət istəmişəm. Mayın 20-də Mirzağanın evində qonaq olarkən o, evində 7000 manat pul saxladığını dedi. Ayın 24-də görüşəndə Mirzağa borcu barədə arvadıma danışdığını dedi, bu hərəkətinə görə ona acıqlandım. Aramızda narazılıq yarandı. Mayın 30-da yaşadığım evdə olan zaman Şahin İmamova zəng edərək, onunla vacib işim olduğunu söylədim. Axşam qonşumun evinə gedib onu çölə çağırdım. Sərxoş vəziyyətdə olan Şahin gəlib mənim “Mercedes” markalı avtomobilimə əyləşdi. Söhbət əsnasında, Mirzağanın tək yaşadığını, evində 7000 manat pulu olmasını və ona təxminən 4500 manat borcum olduğunu dedim. Bildirdim ki, Mirzağanı öldürüb, evindən pulu götürüb aramızda bölüşdürək. Bununla da, borcdan canımı qurtarım. Şahin təklifimlə razılaşdı.
Mayın 31-i səhər saat 9-da qonşumla görüşüb cinayəti nə cür törədəcəyimiz barədə danışdıq. Şahin Mirzağanı rayonun Əbilyataq kəndində yerləşən meşə massivində öldürməyi və meyiti də orada basdırmağı təklif etdi. Aramızdakı razılaşmaya əsasən mən Mirzağanın başını qatmalı, Şahin isə fürsətdən istifadə edib, balta ilə başına zərbələr vurmalıdır. Sonra yaşadığım evin həyətindən daş baltasını götürüb, avtomobilin yük yerinə qoydum. Zəng edib danışandan sonra avtomobili Bakı prospekti ilə Z.Tağıyev küçəsinin kəsişməsinə tərəf sürdüm və Mirzağanın bizi gözlədiyini gördük. Şahin avtomobildən düşüb sağ arxa oturacaqda əyləşməklə öz yerini ona verdi. Maşında Şahin Mirzağaya, yalandan meşə ərazisindən torpaq yığıb Bakıda yaşayan dostuna göndərmək istədiyini dedi. Mirzağa heç nədən şübhələnmədi və razılaşdı. Mağazadan araq, pivə, ərzaq, meşə torpağını daşımaq üçün kisələr və iki ədəd bel aldıq. Əbilyataq kəndində yerləşən meşəyə yollandıq. Şahin əvvəllər orada yaşadığından, həmin əraziyə bələd idi. Saat 12 radələrində meşəyə çatdıq. Şahin araq, Mirzağa isə pivə içdi. Səhhətimdə problem, eyni zamanda sükan arxasında olduğum üçün spirtli içki qəbul etmədim. Hər üçümüz bel ilə meşə torpağını qazıb kapron kisələrə yığdıq. Təxminən 1 saatdan sonra, Mirzağanın üzü qazdığımız quyuya tərəf olarkən, Şahin baltanın kəsici hissəsi ilə onun başına zərbə vurdu. O, yerə yıxılandan sonra baş və boyun nahiyələrinə ardınca daha üç dəfə güclü zərbələr endirdi. Öldüyünü görüb, onu qazdığımız quyuya atdıq. Şahin quyuya düşüb belin iti hissəsi ilə Mirzağanın başına əlavə xəsarətlər yetirdi. Mən də quyuya tullanıb mərhumun ciblərini axtarmağa başladım. Şalvarının sağ cibindən mənzilin açarını tapdım. Mirzağanın idman papağını, 6 ədəd torpaqla dolu kisələri, baltanı və beli quyuya tulladıq”.