Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) fəaliyyəti hər zaman müəyyən şübhələr və suallar doğurub.
Keçmiş Dağlıq Qarabağ münaqişəsi zamanı da bu təşkilatın fəaliyyəti ətrafında kifayət qədər müəmmalar dolaşırdı. Xüsusən azərbaycanlı əsir və girovlarla bağlı BQXK-nin sərgilədiyi mövqe həmin insanların taleyinin faciəli sonluqla bitməsində az rol oynamayıb. Keçmiş Qarabağ münaqişəsində əsir və girov götürülmüş 4 minə qədər azərbaycanlının aqibəti Ermənistanla yanaşı, məhz BQXK-nin yarıtmaz, məsuliyyətsiz, qeyri-şəffaf fəaliyyəti nəticəsində bu günə qədər də məlum deyil.
Bununla yanaşı, BQXK bütün bu müddət ərzində Azərbaycanın hökuməti ilə hesablaşmayan, onun suverenliyini pozaraq Qarabağdakı separatçılarla gizli əməkdaşlıq edən təşkilatlardan biri olub.
Qeyd etmək yerinə düşər ki, Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) 2000-ci illərin əvvəllərində nəinki Azərbaycanla razılaşdırmadan, heç ona xəbər vermədən Xankəndidə Ofisin açılması ilə bağlı artıq tarixin zibilliyə atılmış qondarma rejimlə saziş imzalayıb. Azərbaycan tərəfinin təkidlərinə baxmayaraq, “konfidensiallıq” bəhanəsi altında sazişin mətnini heç vaxt Azərbaycanla bölüşməyib.
Bütün bu illər ərzində Xankəndi ofisi Bakı Ofisinə yox, İrəvan və Cenevrə ofislərinə tabe olub. Vətən müharibəsindən sonra Azərbaycan tərəfi dəfələrlə BQXK qarşısında Xankəndi ofisinin Bakı ofisinə tabe etdirilməsi məsələsini qaldırmasına baxmayaraq, “Biz müstəqil, qərəzsiz, bitərəf təşkilatıq” düşüncəsi ilə hərəkət edən özündən müştəbeh BQXK Azərbaycanın haqlı tələbini yerinə yetirməkdən boyun qaçırıb. Əslində, BQXK heç vaxt müstəqil təşkilat ola bilməz. BQXK heç beynəlxalq təşkilat da deyil, BQXK İsveçrənin qeyri-hökumət təşkilatıdır.
BQXK-nın qəbuledilməz yanaşmasını görən Azərbaycan tərəfi 2023-cü il fevral ayında BQXK-ya rəsmi nota ünvanlamaq məcburiyyətində qalıb, BQXK-nın Xankəndi ofisinin birbaşa Bakı ofisinə tabe edilməsi və bu məqsədlə konkret vaxt cədvəlinin təqdim edilməsini tələb edib. Notaya cavab verilməsi ilə bağlı ölkəmizin təkrar sorğularından sonra BQXK təxminən 2 ay yarım sonra, 2023-cü il may ayında təqdim etdiyi cavab notasında aşağıdakıları bildirib: “BQXK-nın Qarabağda fəaliyyətinin əsasını onun özünün hüquqi qiymətləndirməsi təşkil edir və bu mənada təşkilat hesab edir ki, Azərbaycan və Ermənistan arasında silahlı münaqişə hələ də bitməyib. BQXK işlədiyi konkret yerə “de-fakto nəzarət edənlər”lə təmas qurmalıdır. BQXK 2025-ci ildən sonra yarana biləcək yeni reallıqda bu məsələni yenidən nəzərdən keçirə bilər”.