Naxçıvanda yerləşən Heydər Əliyev adına Hərbi liseyin sabiq rəisi, general-mayor Elman Orucov oğlunun toyunda “bomba həyacanı” yaşanması barədə Gununsesi.info-nun məlumatına reaksiya verib. General-mayor Elman Orucov olay haqqında danışıb.
Uzun illər Azərbaycan ordusunda xidmət etdiyini vurğulayan Elman Orucov bildirib ki, adının mediada belə xoşagəlməz hadisədə hallandırılmasından məyus olub:
“Mən həyatımın böyük hissəsini hərbi xidmətə həsr etmişəm. Saysız -hesabsız xidmətlərim var. Bunlar ola-ola istəməzdim ki, toyda yaşanan bir xoşagəlməz olayı yazasınız. Yazdıqlarınızda narazı qaldığım bir məqam var. İddia edirsiniz ki, guya toyda əməlli-başlı həyacan olub, masaların altına baxılıb, hamı qorxu içində olub və sair. Yoxlamaya gələnlər mülki geyimli polislər olub. Sərbəst və müasir texniki avadanlıqlarla baxış edib, sakitcə gediblər. Ötən il də məhkəmə oldu və bitdi. Prosesdə zərərçəkən olmuşam və şikayətçi olmadığım üçün həmin zabitə şərti cəza verdilər. Mən şikayətçi olsaydım, indi 10 illik cəzasını çəkirdi. Nəzərə aldım ki, gənc leytenantdır, həyatı yaxşı başa düşmür. Ona görə də tutulmasının tərəfdarı olmadım. Bu gün o, zabit qismində xidmət edir”.