Fevralın 6-da Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Müşahidə Missiyasının rəhbəri Osman Mesteni və nümayəndə heyətinin digər üzvlərini qəbul edib.
Pravda.az xəbər verir ki, görüşdə TÜRKPA çərçivəsində əməkdaşlıq məsələləri, habelə cari ilin 7 fevral tarixində keçiriləcək növbədənkənar Prezident seçkiləri ilə bağlı hazırlıq işləri ətrafında fikir mübadiləsi aparılıb.
Nazir Ceyhun Bayramov TÜRKPA-nın türk dövlətləri arasında mövcud qardaşlıq və dostluq əlaqələrinin parlamentlərarası səviyyədə inkişafı baxımından vacib platforma olduğunu diqqətə çatdıraraq, dövlətlərimiz arasında siyasi, iqtisadi, sosial, mədəni, humanitar və s. sahələr üzrə əməkdaşlığın genişləndirilməsində parlament diplomatiyasının əhəmiyyətini vurğulayıb. Türk dövlətləri arasında müxtəlif səviyyələrdə təmasların artırılmasının regional və beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı faydalı əməkdaşlığa təkan verdiyi diqqətə çatdırılıb.