“Meydan TV” “27 saylı seçki dairəsində “karusel” əməliyyatı. Seçicilər bir neçə məntəqədə səs verdiklərini etiraf edirlər” başlıqlı videosüjet yayıb.
Süjetdə 27 saylı Sabunçu II seçki dairəsi 3-cü və 4-cü seçki məntəqələrinə daxil olub, sonra tərk edən qadınlar görüntülənirlər.
“Faktyoxla Lab.” “Meydan TV”nin hazırladığı süjetlə bağlı araşdırma aparıb.
“Əvvəla, “Meydan TV”nin təqdim etdiyi süjetdə həmin şəxslərin bülleten qəbul etməsi və səsvermə kabinəsinə keçməsi kadrları göstərilmir. Yalnız bu şəxslərin iki fərqli məntəqəyə daxil olub-çıxmaları kadrları yayımlanıb.
Həmin qadınların hər iki məntəqədə görünmələri onların səsvermədə iştirakına dəlalət etmir. Həmin şəxslərin səs verəcək seçki məntəqəsinin yerini (hərçənd, MSK seçicilərə səs verəcəkləri məntəqənin yerini dəqiqləşdirmək üçün dəfələrlə çağırış edib - red.) səhv salmalarını, səsvermə üçün doğru ünvana getmədiklərini, onların bir məntəqədən geri qaytarılıb, digərinə yönləndirildiklərini diqqətdən qaçırmaq olmaz.