Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası Prezident seçkilərinin ilkin nəticələri ilə bağlı bəyanat yayıb.
Pravda.az xəbər verir ki, bəyanatda deyilir: “BAXCP ölkəmizdə 7 fevral 2024-cü il tarixində keçirilən növbədənkənar prezident seçkilərində əsas rəqibinin Azərbaycan torpaqlarını işğaldan azad etmiş İlham Əliyevin olacağını bildiyindən seçkilərin elan olunduğu ilk günlərədə seçkilərə qatılmağa tərəddüd etsə də ölkəmizdə köklü islahatlara ehtiyac olması zərurətini qəbul edərək, “Ədalət, Hüquq, Demokratiya” şüarı, “Böyük Dəyişikliklər” seçki proqramı ilə Prezident seçkilərinə qatıldı. Seçkilərin nəticələrinə dair hər hansı illüziyaya qapılmasaq da əzmlə mübarizə apardıq.
Ölkəmizin müxtəlif regionlarında və paytaxtda seçicilərlə çoxsaylı görüşlər keçirərək, insanları Azərbaycanı böyük islahatlar yolu ilə daha müasir, iqtisadi baxımdan daha güclü, daha nüfuzlu Avropa ölkəsi edəcək Qüdrət Həsənquliyevə səs verməyə çağırdıq.
Prezidentliyə namizəd Qüdrət Həsənquliyev və onun nümayəndələri mediada cəmiyyətimizdə mövcud problemlər və onlardan çıxış yollarına dair partiyamızın mövqeyini açıqladı.