Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

Əsgəranda qala divarlarının yaxınlığında kütləvi məzarlıq aşkarlandı - YENİLƏNDİ

1 262
Paylaş:
Əsgəranda qala divarlarının yaxınlığında kütləvi məzarlıq aşkarlandı -   YENİLƏNDİ

Xocalı rayonunda kütləvi məzarlıq aşkarlanıb.

Əsgəran qalasının yaxınlığında aşkar edilən məzarlıqda ən azı 8 insan qalığının olması ehtimal edilir. Bu gün müvafiq qurumların nümayəndələri əraziyə baxış keçriblər.

Azərbaycanın ötən il Qarabağda apardığı lokal xarakterli antiterror tədbirləri zamanı ələ keçirilən, 1990-cı illərin əvvəllərində Qarabağ bölgəsində fəaliyyət göstərən qanunsuz erməni silahlı birləşmələrinin üzvü olan Beqlaryan Rəşid Aramayisi dindirilərkən 1992-ci ilin fevral ayında dinc Xocalı sakinlərinin qətlində iştirakçı olmasını və hadisələr zamanı 8 nəfər azərbaycanlının qətlə yetirildiyini, orada özünün də iştirakçı olduğunu etiraf edib.

İstintaq olunan cinayət işi çərçivəsində, Rəşid Beqlaryan qətlə yetirilən günahsız insanların Əsgəran qəsəbəsində, Qarqar çayının sol sahilində, Əsgəran qalasının ətrafında basdırıldığını etiraf edib.

Aşkar edilən kütləvi məzarlığa bu gün media-tur təşkil edilib. Media-turda yerli media nümayəndələri ilə yanaşı Serbiya, Türkiyə, Mərakeş, Peru, Uruqvay, Özbəkistan, Bosnya, Rusiyadan olan 35 nəfər xarici media nümayəndəsi də iştirak edib.

Bildirilib ki, ərazidə davam etdiriləcək axtarış işləri nəticəsində burada yeni insan qalıqlarının aşkar edilməsi gözlənilir. İnsan qalıqlarının eyniləşdirilməsi məqsədi ilə növbəti mərhələdə götürülərək nümunələr aidiyyəti laboratoriyaya təhvil veriləcək.

Qeyd edək ki, daha əvvəl Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə təqsirləndirilən şəxs Raşid Beqlaryan ifadəsinin yerində yoxlanılması istintaq hərəkəti zamanı Xocalı soyqırımında qətlə yetirilən azərbaycanlıların Əsgəran qalası ətrafında kütləvi basdırıldığı həmin ərazini göstərmişdi.

APA

***

14:45

Xocalı rayonunun Əsgəran qəsəbəsində qala divarlarının yaxınlığında kütləvi məzarlıq aşkarlanıb.

Hazırda məzarlıqda tapılan qalıqların ətrafında qazıntı işləri davam etdirilir.

Kütləvi məzarlıqda 8 nəfərə məxsus qalıqlar tapılıb. Bu sayın daha da artacağı ehtimal edilir.

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının təşkilatçılığı ilə əraziyə xarici media nümayəndələrinin də iştirakı ilə mediatur təşkil edilib.

Xatırladaq ki, 44 günlük Vətən müharibəsindən sonra Şuşa həbsxanası və Daşaltı kəndi, Ağdam rayonunun Sarıcalı kəndi, Xocavənd rayonunun Edilli kəndi, Xocalı rayonunun Fərrux kəndi, Füzuli rayonunun Yuxarı Seyidəhmədli kəndi və Kəlbəcər rayonunun Başlıbel kəndi ərazisində kütləvi məzarlıqlar aşkar edilib. Bu məzarlıqlardan indiyədək 400-ə yaxın insan qalıqları aşkarlanıb.

Report

Paylaş:

Ən son xəbərlər