Fevralın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan-Türkiyə parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrımın başçılıq etdiyi Türkiyə Böyük Millət Məclisinin üzvlərindən ibarət nümayəndə heyətini qəbul edib.
Pravda.az xəbər verir ki, Prezident İlham Əliyev seçkiləri müşahidə etdiklərinə görə nümayəndə heyətinə minnətdarlığını bildirib.
Şamil Ayrım nümayəndə heyəti adından çıxış edərək dövlət başçısını prezident seçkilərində inamlı qələbəsi münasibətilə təbrik etdi.
Qonaq Prezident İlham Əliyevin və Prezident Rəcəb Tayyib Ərdoğanın səmimi dostluğunun və qardaşlığının ölkələrimiz arasında əlaqələrin inkişafında xüsusi rolunu vurğuladı.
Dövlət başçısı seçkilərdə qazandığı qələbə münasibətilə Rəcəb Tayyib Ərdoğanın ona təbrik məktubu göndərdiyini və Türkiyə Prezidenti ilə telefonla danışdıqlarını məmnunluqla qeyd etdi.
Şamil Ayrım Prezident İlham Əliyevin və ailə üzvlərinin Xankəndidə səs vermələrinin böyük əhəmiyyət daşıdığını bildirdi.
Dövlət başçısı da Xankəndidə səsvermənin böyük siyasi və rəmzi mənasının olduğunu vurğuladı.
Şamil Ayrım 44 günlük Vətən müharibəsində və antiterror əməliyyatında Prezident İlham Əliyevin və Azərbaycanın dünyaya bir nümunə göstərdiyini qeyd etdi. Ümummilli Lider Heydər Əliyevin vəsiyyətinin dövlətimizin başçısı tərəfindən yerinə yetirildiyini deyən qonaq vurğuladı ki, Azərbaycan xalqı ilk dəfə olaraq bu seçkilərdə ərazi bütövlüyü və suverenliyi təmin olunmuş şəkildə qürurla iştirak edib.