“Təklik mənim üçün deyil. Amma bu mənim alnıma yazılıb. Mən bunu yaşamalıyam” deyirdi hər zaman. Azərbaycan teatr və kino səhnəsində ana, qaynana obrazı elə bil onun əyninə biçilmişdi.
Həyatın işinə bax ki, səhnədə ana obrazlarını ürəkdən, təbii, elə özü kimi canlandıran aktrisa həyatda heç vaxt ana ola bilməyib. Övladlığa uşaq götürmək istəsə də, həmin vaxt buna maddi imkanı çatmayıb.
Publika.az xəbər verir ki, bu gün “Şöhrət” ordenli Xalq artisti Zərnigar Ağakişiyevanın anım günüdür.
Zərnigar Ağakişiyeva 1945-ci il noyabrın 6-da Quba rayonunun Rustov kəndində dünyaya göz açıb. Anası Səadət xanımın birinci həyat yoldaşı müharibədə həlak olub. O, ikinci dəfə ailə qurub. Bu evlilikdən Zərnigar Ağakişiyeva doğulub. Məktəbə “Güləliyeva” soyadı ilə qəbul olunan aktrisa 12 yaşı olanda atasından ulu babasının adını özünə soyad kimi götürmək üçün icazə alıb. O, heç kimə yük olmamaq üçün evlərini tərk edib. Aktrisa müsahibələrinin birində belə deyib:
“Anam işləməyimə qarşı çıxırdı. Qonşudan pul alıb, Bakıya gəldim. Həm oxuyurdum, həm də işləyirdim. Maddi sıxıntılarım hər zaman olurdu. Ailə qurmamağımın səbəbi isə şəxsi həyatımı sənətimdən artıq sevdirə biləcək insanla qarşılaşmamağım oldu. Qarşılaşdığım insanlar tələblərimə cavab vermədi. Mən də bütün ömrümü sənətə həsr etdim, həyatımı teatrda, tamaşalarda keçirdim”.
Aktrisa 1972-ci ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun “Dram və kino aktyoru” fakültəsini bitirib. Təhsilini tamamlayandan sonra bir müddət Tədris teatrında aktrisa kimi çalışan Zərnigar xanım rejissor Əşrəf Quliyevin dəvəti ilə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında A.Ostrovskinin “Müdriklər” dramında ilk dəfə Mamayeva rolunu oynayıb. 1974-cü ildən isə Akademik Milli Dram Teatrının aktyor heyətinə aktrisa kimi qəbul olunub. 1989-1992-cil illərdə aktrisaya cəmi iki rol həvalə olunub. Bu haqsızlığa dözə bilməyən Zərnişan Ağakişiyeva Akademik Milli Dram Teatrından uzaqlaşıb. Bir də düz yeddi ildən sonra doğma teatrına qayıdıb.
Ömrünün 40 ilini bu sənət ocağına bağlayan aktrisa yaxın müddətdə Zərnigar xanım “Vaqif”, “Kölgələr pıçıldaşır”, “Kimdir haqlı?”, “Təhminə və Zaur”, “Mahnı dağlarda qaldı”, “Poçt şöbəsində xəyal”, “Eşq və intiqam”, “Ölülər”, “Qatarın altına atılan qadın” kimi səhnə əsərlərində özünəməxsus, bənzərsiz və təkrarsız obrazlara imzasını ata bilib.