Bakıda Daxili İşlər Nazirliyinin (DİN) Yol Polis Xidmətinin (YPX) əməkdaşlarına tabesizlik göstərən iş adamı həbs edilib. Pravda.az qaynarinfo-ya istinadən xəbər verir ki, sahibkar kimi fəaliyyət göstərən Afiq Mustafayevin (soyad şərti) həbs olunmasına səbəb Qaradağ rayonu H.Z.Tağıyev küçəsində yerləşən yolun 38-ci km-də YPX tərəfindən saxlanılan yük avtomobilinin qaçırılmasına şərait yaratması olub.
Belə ki, 1984-cü il təvəllüdlü Afiq rəhbəri olduğu şirkətə məxsus iriqabaritli nəqliyyat vasitələri DİN-nin Baş Dövlət Yol Polisinin Yol Patrul Xidməti Alayının əməkdaşları tərəfindən saxlanılıb.
YPX əməkdaşları tərəfindən həmin yük maşınlarının sürücüləri iriqabaritli nəqliyyat vasitələrində olan yüklərin müvafiq stasionar postlarda quraşdırılmış elektron tərəziyə dəvət edilib. Lakin, 77-BJ-238 dövlət qeydiyyat nişanlı yük maşınının sürücüsü müdiri gəlmədən nəqliyyat vasitəsinin stasionar posta aparılmayacağını bildirib.