“Antarktidada bir mövsümlük elmi-tədqiqat bazası yaratmağı düşünürük. Bunu Qərbi Kaspi Universitetinin imkanları ilə həyata keçirmək istəyirik. Tarix boyu bu cür elmi ekspedisiyalar, tədqiqat bazalarının yaradılması universitetlər tərəfindən həyata keçirilib. Elmi-tədqiqat bazasının yaradılması üçün bir neçə variant var. Təbii ki, bu günə qədər kimsə bunu edə bilərdi, lakin hələ ki, edilməyib. Ümid edirəm ki, biz bunu edə biləcəyik”. Oxu.Az keçmiş ekologiya və təbii sərvətlər naziri, Qərbi Kaspi Universitetinin rektoru, ilk dəfə Azərbaycan-Antarktida ekspedisiyasını həyata keçirən Hüseynqulu Bağırov ilə müsahibəni təqdim edir:
- Rəsmilər qeyri-rəsmi formatı kimi olsa da, necəsiniz, vəzifədən uzaqlaşdıqdan sonra hansı sahədə fəaliyyət göstərirsiniz?
- Mən təhsil işçisi olmuşam. Şablon səslənsə də Vətənə, ölkəyə bağlı insanam. O vaxt ölkə rəhbərliyi lazım bilib, məqsədəuyğun hesab edib və mənə lazım bildiyi sahədə iş tapşırıb. Düşünürəm ki, dövlət işində çalışdığım illərdə ölkə rəhbərliyinin mənə tapşırdığı işləri layiqincə yerinə yetirməyə çalışmışam, nə dərəcədə alındığına tapşırıq verən ölkə rəhbəri və buna şahidlik edən insanlar qiymət verə bilər. Mənə tapşırılan funksiyanı yerinə yetirib dövlətə borcumu verdikdən sonra yenidən həyatımı öz sevdiyim sahədə – müəllimlikdə davam edirəm.
- Nazir olduğunuz dövrlərdə də pedaqoji fəaliyyətinizi davam etdirirdiniz?
- O vaxt iş həcmi o qədər böyük idi ki, mən pedaqoji fəaliyyətlə çox məhdud çərçivədə məşğul ola bilirdim. Universitetin idarə edilməsi, inkişafı ilə bağlı işlərdən tamam kənar idim. Oradakı vəziyyəti izləyə belə bilmirdim. Bu gün isə mən özümü səhhətim imkan verdiyi qədər pedaqoji fəaliyyətə həsr edə bilirəm.
- 2001-ci ildə nazir təyin olunmuşdunuz və kifayət qədər yaddaqalan fəaliyyət dövrünüz olub. 2001-ci ildən bu günə qədər maraqlıdır, nələr dəyişib?
- Çox şey dəyişib. Həyat davam edir, fəaliyyət sahələri dayanmadan inkişaf edir. Əlbəttə, ölkənin bir sıra fəaliyyət sahəsindən cavabdeh şəxs olmaq çətin və məsuliyyətlidir. Yeni yaradılan nazirliyin təşkil edilməsi mənə tapşırılmışdı. Bu işləri görərkən, nazirliyi qurarkən ixtisaslı kadrlar arasında ən uyğun peşəkarlardan faydalanmağa çalışmışam. Düzdür, 10 min işçisi olan bir təşkilatda hamını yaxşı tanımaq, əslində necə bir insan olduğunu anlamaq mümkün deyil. Mən vicdanla mənə etimad göstərilən sahədə işimi layiqincə görməyə çalışmışam.
- Vəzifənin müsbət tərəfləri, yoxsa əlavə məsuliyyət və yorğunluq çoxdur?
- Nazir olmaq peşə deyil. Müəllim, həkim, mühəndis və digər sahələrdə çalışmaq, işini görmək peşə fəaliyyətidir. Bu isə hərbi xidmət kimi Vətənə qulluq etmək deməkdir. Mən də Vətənə mülki dövlət qulluqçusu kimi üzərimə düşən borcu, xidməti vermişəm. Təbii ki, müsbət tərəfi sənin atdığın hər bir doğru addımın dövlət başçısı tərəfindən bəyənilməsidir. Məsuliyyət - bəli, çox idi.
- Sizin 68 yaşınız tamam olub, gec də olsa təbrik edirik. Sizin çox yaxşı səyyah və alpinist olduğunuz barədə çox yazılıb. Hələ də bu hobbiləriniz davam edir?
- Əslində, mental baxımdan yanaşsaq, bəli, davam edir. Lakin səhhətimdə ciddi problemlər yaşadım, bir neçə əməliyyat keçirdim. Bu səbəbdən də müəyyən fəsadlar yarandı. Və nəticədə praktiki olaraq ekspedisiyaların təşkilində fasilə vermək məcburiyyətində qaldım.
- Səhhətinizdəki problem nə ilə bağlıdır, sirr deyilsə, bilmək olar?
- O vaxt biz ekstremal idman növləri ilə bağlı Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyası yaratmışdıq. Özüm də paraşütdən tullanırdım. Bir dəfə uçuş zamanı paraşütün əyləci düzgün verilməmişdi, o dolaşmışdı. Təəssüf ki, mən havada olarkən bunun fərqinə vardım. Paraşütün əyləci ayrı-ayrılıqda sağa və sola dönmə üçün istifadə edilir. Lakin ikisi bir yerdə sürətin azaldılmasına xidmət edir. Onlar doğru tənzimlənmədiyi halda sən 30-40 km/saat sürətlə yerə çırpılırsan. Mən havada çox qala bilməzdim, çıxış yolu axtardım, bir yamaca eniş etməyi sınadım. Lakin təəssüf ki, yerə çırpıldım və onurğa sütununda iki fəqərəm sındı. Bütünlükdə hərəkət qabiliyyətimi itirdim.
Almaniyada bunun əməliyyatının mümkün olduğunu öyrəndim və məni ora apardılar, xüsusi sement maddədən qırılan iki fəqərələri bərpa etdilər. Yerimə qabiliyyətim bərpa olundu. Lakin görünür ki, sement canlı maddə olmadığı üçün zaman keçdikcə süni fəqərələr yeyilməyə başladı. İllər sonra həkim müayinəsi zamanı iki fəqərənin yeyildiyi məlum oldu. Bu bel sütunun qabarmasına səbəb oldu. İki ağır cərrahi əməliyyatlar keçirdim. Nəhayət 30 santimetr ölçüsündə titan implant qoyuldu. Hazırda hərəkət edə, gəzə bilirəm. Lakin implant yad cisim olduğundan orqanizmlə tam adaptasiya olmayıb. Bu, çox yeni texnologiyadır və nə həkim, nə də mən bilmirik ki, iki-üç il sonra nə baş verəcək.
- 2008-ci ildə sizin başçılığınız ilə ilk dəfə Azərbaycan-Antarktida ekspedisiyası Bakıdan yola düşüb. Neçə nəfərlik heyət olub, ekspedisiya zamanı nələr baş vermişdi?
- Biz Çiliyə məxsus olan və istifadə edilməyən “Patriot Hills” stansiyasına Cənubi Amerikadan, Çilinin Punta Arenas şəhərindən xüsusi təyyarə ilə uçmağa icazə ala bildik. Ora ekspedisiya üçün icazə almaq asan olmayıb, təxminən altı aya qədər müvafiq sənədlər hazırlanıb. Orada xüsusi yaşamaq, davranış, hətta məişət tullantılarından istifadə qaydaları var. Bunların hər birinə riayət etməlisən. Orada olduğun müddətdə tullantıları da xizəklərlə xüsusi qablaşdırılmış formada özünlə daşımalısan və sonda baza stansiyasında təhvil verməlisən. Tullantıların utilizasiya prosesi xüsusi qaydalarla məhz baza stansiyalarında aparılır.
Biz həm də Çilidən olan tədqiqatçılarla əlaqə qurmağa müvəffəq olduq. Cənubi Afrikadan da bir ekspedisiya hazırlaşırdı. Dörd nəfər Cənubi Afrika vətəndaşı bizə təklif etdi ki, ekspedisiyanı birlikdə təşkil edək və biz də razılaşdıq. Nəzərə alsaq ki, xüsusi geyimlər alınmalı, təyyarə icarəyə götürülməlidir, maliyyə cəhətdən birgə çalışmaq daha əlverişli idi. “Patriot Hills” (Vətənpərvər təpələri) stansiyası ətrafında doğurdan da təpələr var, Antarktika buzları adətən hamar olmur, orada küləyin formalaşdırdığı iti kəskin buz çıxıntıları çox olur. Lakin Çili stansiyasının ətrafında hamar, mavi buz olduğu üçün, təyyarə ora enə bilir. Biz bunun üçün Çiliyə viza almalı idik, oranın ən cənub şəhəri olan Punto Arenasın hava alanına endik.
Qazaxıstanda qeydiyyata alınan, rus ekipajlı bir yük təyyarəsi Antarktidaya səfər edir. Ora gedən ekspedisiyaların yükləri Punto Arenasdan “Patriot Hills”ə daşınır. 2008-ci il dekabrın axırı getdik, fevralın əvvəlində döndük. “Patriot Hills” stansiyasından Kanada istehsalı olan kiçik təyyarə bizi Antarktidanın ən hündür zirvəsi olan Vilson zirvəsinin (5000 metr) yaxınlığına apardı. İki azərbaycanlı - mən və Tərlan Ramazanov adlı komanda üzvü, həmçinin dörd nəfər Cənubi afrikalı həmin zirvəyə qalxdıqdan sonra oradan Cənub qütbünə yürüşə başladıq. Antarktidada cəmi 42 gün qaldıq. Onun 37 gününü qitədə keçirdik, tədqiqatlar apardıq.
- Ən vacib alınmalı təchizat nələr idi?
- Xüsusi çadırlar, rütubəti buraxmayan və eyni zamanda havalandırma imkanına malik gödəkçələr, nazik yun və ya sintetik materialdan olan alt geyimləri alınmalıdır. Pambıq material qətiyyən olmaz. Çünki pambıq təri özündə saxlayaraq islanır. Suyu canında saxladığı üçün soyuq hava şəraitində buza çevrilir və donma təhlükəsini real edir.
Qidalar önəmli idi, orada bir gün ərzində bir dəfəyə 6 min kalori qəbul etməlisən ki, səhər saat 10:00-dan axşam saat 19:00-a qədər xizək üzərində ümumi çəkisi 60-70 kq-lıq yükü - çadırlar, qida, tədqiqat üçün zəruri avadanlıqlar və tullantıları özünlə bərabər daşımağa gücün olsun. Havadan asılı olaraq elə gün olurdu 8 km, elə gün olurdu 22 km-lik yol qət edə bilirdik.
- Bu ekspedisiya zamanı həyati əhəmiyyətli nə kəşflər etdiniz?
- Çox şey... İnanın. Mən anladım ki, ibtidai insan heç vaxt daim 34-35 dərəcə şaxta olan yerdə uzun müddət yaşamayıb. İnsan 40 dərəcə şaxtanı hiss edir, hətta mənfi 40-la mənfi 44 dərəcənin fərqini də hiss edir. Amma 44 dərəcə şaxtadan sonra fərq hiss etmir.
İbtidai insan, bəlkə də, təsadüfi olaraq bir qış mövsümünü çox soyuq ərazidə yaşayıb, amma insanın daim belə temperatur şəraitində yaşamaq üçün təkamül etmədiyini deyə bilərik.