Bakıda bir ailənin qətli ilə bağlı baş verən dəhşətli cinayətin təfərrüatı açıqlanıb. Gününsəsi.info-nun əldə etdiyi məlumata görə, hadisəni törədən ailə üzvlərindən biri Əhməd Əhmədov ruhi xəstə olub.
Maştağa Psixiatriya Mərkəzində müalicə alan Əhməd Əhmədov anasının təkidi ilə oradan bir neçə gün əvvəl çıxarılıb.
Əhmədov Əhmədovun həm də idmançı olması cinayəti törədərkən ailə üzvlərini onun qarşısında köməksiz vəziyyətdə qoyub.
Yaxınlarının sözlərinə görə, Əhməd Əhmədov bir neçə ildir ki, psixoloji xəstəlikdən əziyyət çəkirmiş.
Qeyd edək ki, bugün saat 16:30 radələrində paytaxtın Xətai rayonunda 1972-ci il təvəllüdlü Əhmədov Mehman Əhməd oğlunun, 1977-ci il təvəllüdlü Əhmədova Bikə Bədəl qızının və 2015-ci il təvəllüdlü Əhmədov Məhəmməd Mehman oğlunun kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.
***
18:27
Bakıda 3 nəfər ailə üzvünü qəsdən öldürməkdə şübhəli bilinən şəxs tutulub.
Xətai rayon prokurorluğundan verilən məlumata görə, fevralın 13-də saat 16 radələrində paytaxtın Xətai rayonu ərazisində 3 nəfərin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Araşdırma zamanı 1999-cu il təvəllüdlü Əhməd Əhmədovun aralarında yaranmış mübahisə zamanı atası 1972-ci il təvəllüdlü Mehman Əhmədova, anası 1977-ci il təvəllüdlü Bikə Əhmədovaya və 2015-ci il təvəllüdlü azyaşlı qardaşına balta ilə xəsarətlər yetirərək onları qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddələrilə cinayət işi başlanıb, Əhməd Əhmədov prokurorluğun qərarı ilə iş üzrə şübhəli şəxs qismində tutulub.
Hazırda ibtidai istintaq davam edir.
***
17:02
Fevralın 13-də saat 16:30 radələrində paytaxtın Xətai rayonunda 1972-ci il təvəllüdlü Əhmədov Mehman Əhməd oğlunun, 1977-ci il təvəllüdlü Əhmədova Bikə Bədəl qızının və 2015-ci il təvəllüdlü Əhmədov Məhəmməd Mehman oğlunun kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.
DİN-in Mətbuat Xidmətindən Pravda.az-a bildirilib ki, ailə üzvlərini qətlə yetirməkdə şübhəli bilinən 1999-cu il təvəllüdlü Əhmədov Əhməd Mehman oğlu polis əməkdaşları tərəfindən saxlanılıb.
Araşdırma aparılır.