Biz itkilərlə nəticələnən hərbi toqquşmalarla bağlı xəbərlərdən narahatıq. Bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller bu gün keçirdiyi brifinqdə Ermənistan-Azərbaycan sərhədində baş verən son insidentə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, gücdən istifadə danışıqlara xələl gətirir: “Davamlı sülhə aparan yeganə yol danışıqlar masasından keçir. Atəşkəs rejiminin pozulması hallarını araşdırmaq və müvafiq tədbirlər görmək lazımdır. Dövlət katibinin (ABŞ dövlət katibi Antoni Blinken - Qeyd) daim vurğuladığı kimi, Amerika Birləşmiş Ştatları Ermənistan və Azərbaycan arasında sülh danışıqlarına sadiqdir”.
Xatırladaq ki, fevralın 12-də Azərbaycan-Ermənistan şərti dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Ermənistan Silahlı Qüvvələrinin Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeyindən Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Zəngilan rayonunun Kolluqışlaq kəndi ərazisində yerləşən mövqeyinə açılan atəş nəticəsində əsgər Xəlilzadə Pərviz Ağakişi oğlu yaralanıb.