Fevralın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Milli Məclisdə andiçmə mərasimi keçirilib.
Pravda.az xəbər verir ki, andiçmə mərasimində birinci xanım Mehriban Əliyeva, dövlət rəsmiləri, hökumətin üzvləri, Milli Məclisin deputatları iştirak ediblər.
Mərasim iştirakçıları Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi hərarətlə qarşıladılar.
Ümumxalq səsverməsi ilə Azərbaycan Respublikasının Prezidenti seçilmiş İlham Heydər oğlu Əliyevin andiçmə mərasimi açıq elan olundu.
Silahlı Qüvvələrin əsgərləri Azərbaycan Respublikasının Dövlət Bayrağını və Azərbaycan Respublikası Prezidentinin ştandartını (bayrağını) təntənəli marşın sədaları altında səhnəyə gətirdilər.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev və Konstitusiya Məhkəməsinin hakimləri səhnəyə dəvət olundular.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev çıxış edərək dedi:
- Hörmətli xanımlar və cənablar.
Bildiyiniz kimi, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi 2024-cü il 13 fevral tarixli qərarı ilə növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinə dair Mərkəzi Seçki Komissiyasının nəticələrini təsdiq edərək, cənab İlham Heydər oğlu Əliyevi Azərbaycan Respublikasının Prezidenti elan etmişdir.
Azərbaycan Respublikasının Prezidenti seçilmiş cənab İlham Heydər oğlu Əliyev Azərbaycan Respublikası Konstitusiyasının 103-cü maddəsinə uyğun olaraq, Konstitusiya Məhkəməsi hakimlərinin iştirakı ilə and içməyə dəvət olunur.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev əlini Azərbaycan Respublikası Konstitusiyasının üzərinə qoyaraq and içdi:
- Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirərkən Azərbaycan Respublikasının Konstitusiyasına əməl edəcəyimə, dövlətin müstəqilliyini və ərazi bütövlüyünü qoruyacağıma, xalqa ləyaqətlə xidmət edəcəyimə and içirəm!
Sonra Prezident müqəddəs “Qurani-Şərif”ə əl basaraq and içdi:
- Əlimi “Qurani-Şərif”ə basaraq and içirəm: Azərbaycan xalqının əsrlər boyu yaratdığı milli-mənəvi dəyərlərə və ənənələrə sadiq olacağam, onları daim uca tutacağam.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndi.
Prezident İlham Əliyev təzim edərək, Azərbaycan Respublikasının Dövlət Bayrağını öpdü.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev andiçmə mərasimində nitq söylədi.
Prezident İlham Əliyevin nitqi
- Hörmətli xanımlar və cənablar.
İlk növbədə, prezident seçkilərində mənə yenidən böyük etimad və dəstək göstərən doğma Azərbaycan xalqına öz dərin təşəkkürümü bildirmək istəyirəm. Əziz xalqımı bir daha əmin etmək istəyirəm ki, bundan sonra da Azərbaycanın hərtərəfli inkişafı, ərazi bütövlüyümüzün qorunması üçün əlimdən gələni əsirgəməyəcəyəm.
İyirmi ildən çoxdur ki, Azərbaycan xalqı mənə öz dəstəyini göstərir. 2003-cü ildə ilk dəfə Prezident vəzifəsinə seçiləndə əziz xalqımı əmin etmişdim ki, qarşıda duran bütün vəzifələri icra etməyə, xalqın yüksək etimadını doğrultmağa çalışacağam. Bu illər uğurlarla dolu, qələbələrlə dolu illər olmuşdur. Çətinliklər də oldu, problemlər də oldu, ancaq Azərbaycan xalqı bir yumruq kimi birləşərək bütün çətinliklərə və problemlərə baxmayaraq, inkişaf və tərəqqi yolu ilə uğurla gedirdi.
2003-cü ildə verdiyim bütün vədlər yerinə yetirildi. Əldə edilmiş bütün nailiyyətlərin mənbəyi Azərbaycan xalqıdır, onun mənə göstərdiyi inam və onun vahid amal ətrafında birləşmə bacarığıdır. Biz doğrudan da bütün dünyaya sübut etmişik ki, böyük xalqıq, biz öz taleyimizi özümüz həll edirik, ölkə qarşısında duran problemləri özümüz heç kimin köməyi olmadan həll edirik və əsaslı şəkildə həll edirik.
Verdiyim vədlər arasında təbii ki, ilk növbədə, ölkəmizin ərazi bütövlüyünün bərpası idi. O vaxt və ondan sonrakı illərdə, o cümlədən 2018-ci ildə bax bu kürsüdən andiçmə mərasimində demişdim ki, Ermənistan-Azərbaycan münaqişəsi yalnız və yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır, heç vaxt Azərbaycan xalqı öz ərazisində ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcək və nəyin bahasına olursa-olsun biz öz doğma torpaqlarımızı azad edəcəyik. O gündən cəmi 2 il yarım keçdi və Azərbaycan xalqı bir yumruq kimi birləşərək Vətən müharibəsi nəticəsində torpaqlarımızın böyük hissəsini azad etmişdir, 300-dən çox şəhər və kənd azad olunmuşdur, o cümlədən bizim mədəniyyət paytaxtımız Şuşa şəhəri işğalçılardan azad edilmişdir. Biz qan tökərək, şəhidlər verərək tarixi ədaləti bərpa etdik.
Allah bütün şəhidlərimizə rəhmət eləsin. Biz onların və on minlərlə Azərbaycan gəncinin şücaəti, fədakarlığı, qəhrəmanlığı sayəsində bu gün azad Qarabağda yaşayırıq, qururuq, ərazi bütövlüyümüzü bərpa edən, öz ləyaqətini bərpa edən xalq kimi qururuq, yaradırıq, şəhər və kəndlərimizi yenidən qururuq.
İkinci Qarabağ müharibəsi şanlı tariximizdir. Ancaq müharibə olmaya bilərdi, əgər Ermənistan və onun rəhbərliyi, onun arxasında dayanan qüvvələr beynəlxalq hüquqa əməl etsəydilər, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə əməl etsəydilər. Əgər böyük dövlətlər Ermənistana onun işğalçılıq siyasətinə görə sanksiyalar tətbiq etsəydilər, heç olmasa, onların işğalçılıq siyasətini pisləsəydilər, bəlkə də müharibəyə ehtiyac qalmazdı. Azərbaycan dövləti uzun illər ərzində təmkinlilik göstərirdi, eyni zamanda, aparılan danışıqlara sadiqlik göstərirdi. Baxmayaraq ki, illər keçdikcə bizim ümidlərimiz də tükənirdi, işğalçı dövlət daha da azğınlaşırdı, hesab edirdi ki, bizim torpaqlarımızı əbədi işğal altında saxlaya bilər.
O inamı onlara verənlər Ermənistan rəhbərliyi ilə bərabər bütün məsuliyyəti daşıyırlar və bölüşürlər. Mən dəfələrlə müxtəlif tədbirlərdə, eyni zamanda, Ermənistan rəhbərliyi ilə, onlara dəstək verən böyük dövlətlərin rəhbərləri ilə söhbətlər əsnasında deyirdim ki, Azərbaycan heç vaxt bu vəziyyətlə barışmayacaq. Deyirdim ki, nə qədər gec deyil, Ermənistanı inandırın və özünüz də lazımi addımlar atın ki, bu işğala son qoyulsun. Ancaq əfsuslar olsun ki, bütün çağırışlarım, bütün xəbərdarlıqlarım havada qaldı. Sanki kimsə hesab edirdi ki, Azərbaycan xalqı bu işğalla barışmalı olacaq. Biz isə döyüş meydanında göstərdik ki, nəyə qadirik. Biz döyüş meydanında cəmi 44 gün ərzində Ermənistan ordusunu tamamilə darmadağın etmişdik. Elə günə salmışdıq ki, özlərinin etirafına görə, 12 mindən çox fərarisi olmuşdur. Azərbaycan Ordusundan bir nəfər də döyüş meydanını tərk edib qaçmamışdır. Bu, bir daha Azərbaycan xalqının əyilməz ruhunu göstərir. Bir daha göstərir, elə gənc nəsil yetişib ki, Vətən uğrunda, torpaq uğrunda, milli ləyaqət uğrunda ölümə getməyə hazırdır və ölümə də gedirdilər bizim gənclərimiz. Biz bütün dünyada Ermənistanın uzun illər ərzində yaratmağa çalışdığı mifləri darmadağın etdik, erməni ordusunu qorxaq və təslimçi ordu kimi təqdim etdik. Bunu bizim cəsur döyüşçülərimiz qan tökərək, irəliyə gedərək, 5-6 müdafiə xəttini aşaraq sübut etmişlər və 44 günlük Vətən müharibəsi, bir daha demək istəyirəm, bizim əyilməz ruhumuzu göstərmişdir, Azərbaycan xalqının iradəsini göstərmişdir, Azərbaycan dövlətinin gücünü göstərmişdir. Xalq bir yumruq kimi birləşdi və cəmi 44 gün ərzində bütün tarixi və strateji vəzifələr təmin edildi. Bu 44 gün ərzində bir dəfə də olsun Ordumuz geriyə addım atmamışdır, ancaq irəli gedirdik. Şuşanın azad edilməsi tarixi hadisə olaraq, eyni zamanda, İkinci Qarabağ müharibəsinə son qoydu. Çünki ondan sonra Ermənistan kapitulyasiya aktına imza atmağa məcbur olmuşdur, bizim qarşımızda ağ bayraq qaldırmışdır, təslim olmuşdur və beləliklə, İkinci Qarabağ müharibəsi başa çatdı.
Müharibədən keçən dövr ərzində biz öz prinsipial mövqeyimizi bütün məsələlərdə göstərmişdik, həm beynəlxalq vasitəçilik etməyə çalışanlarla, həm Ermənistan tərəfi ilə çoxsaylı görüşlər zamanı bildirilmişdir ki, onların üzərinə götürdükləri bütün öhdəliklər yerinə yetirilməlidir. Kapitulyasiya aktında hər şey açıq-aydın göstərilmişdir. Düzdür, bəzi öhdəliklər yerinə yetirildi, o da məcburən, qorxudan. Çünki İkinci Qarabağ müharibəsi işğalçılara elə bir sarsıdıcı zərbə vurdu ki, onlar uzun müddət ərzində özlərinə gələ bilmirdilər. Ancaq vaxt keçdikcə gördük ki, yenidən bizə qarşı ərazi iddiaları irəli sürülür, onlar yenidən o çirkin əməllərindən əl çəkmək istəmirlər. Biz isə haqlı olaraq tələb edirdik ki, bütün şərtlər və öhdəliklər icra edilməlidir. Ermənistan özü bu öhdəliklərin altında imza atmışdır. Onların arasında, ilk növbədə, qanunsuz silahlı birləşmələrin Azərbaycan ərazisindən çıxarılması və Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasındakı yol bağlantısı öhdəlikləri dururdu və üç il ərzində bu öhdəliklərin yerinə yetirilməsi məsələsi öz həllini tapmamışdır. Ermənistan sanki İkinci Qarabağ müharibəsinin nəticələrini unutmuşdu. Bəlkə kimsə onlara müəyyən məsləhətlər də verirdi ki, bu öhdəliklər yerinə yetirilməsin.
Üç il ərzində biz yenə də səbir göstərmişdik, biz yeni gərginləşmə vəziyyəti yaratmaq fikrində deyildik və İkinci Qarabağ müharibəsindən antiterror əməliyyatına qədər keçən dövr ərzində bunun bütün xronoloji məqamları bir daha onu göstərir ki, Azərbaycanın mövqeyi ədalətli mövqedir. Düzdür, Ermənistan və onun arxasında duran qüvvələr bunu görmək istəmirlər. Ancaq hər şey sənədləşdirilib, bu gün heç nəyi gizlətmək mümkün deyil. Üç il ərzində nəinki Ermənistan öz silahlı qüvvələrini Qarabağ bölgəsindən çıxarmayıb, hətta əlavə silah-sursat göndərib, minalar göndərib, bizə qarşı mina terroru davam edib, daha geniş vüsət almışdır. Ermənistan sanki bütün dünyanı və o cümlədən bizi aldatmağa çalışırdı ki, Ermənistan ordusunun silahlı birləşmələri Qarabağda mövcud deyil, bu, sən demə, hansısa özünümüdafiə qüvvələridir. Bu cəfəng versiyalara inananlar Ermənistan rəhbərliyi ilə birlikdə bütün məsuliyyəti daşıyırlar.
Ona görə antiterror əməliyyatı qaçılmaz idi. Ermənistan mövqeyində təzadlı məqamlar artıq bir qayda kimi müşahidə olunur. Əgər Ermənistan tərəfindən bir həftə təzadlı, bir-birini inkar edən hər hansı açıqlama verilməsə, biz artıq şübhə etməyə başlayırıq ki, görəsən, nələr baş verir. Bir tərəfdən Azərbaycanın ərazi bütövlüyünü rəsmən tanıyan və 2022-ci ilin oktyabr ayında bunu bəyan edən dövlət, digər tərəfdən bizə qarşı ərazi iddialarından əl çəkmirdi. Bunu, həm onların açıqlamaları göstərirdi, həm də onların qanunları, o cümlədən onların əsas qanunu bunu göstərir, eyni zamanda, separatçı qüvvələrə Ermənistan rəhbərliyi tərəfindən göndərilən təbrik məktubları göstərirdi. Bunu görmək istəməyənlər, bu gün Ermənistanın arxasında durmağa çalışanlar bilməlidirlər ki, heç nəyi gizlədə bilməyəcəklər.
Bizim ərazi bütövlüyümüz tam bərpa olunmalı idi və biz İkinci Qarabağ müharibəsindən sonra bu məqsədə doğru məqsədyönlü şəkildə addımlayırdıq. İndi bütün hadisələri yenidən dilə gətirməyə ehtiyac yoxdur, Azərbaycan xalqı hər şeyi bilir və hər şeyi yadda saxlayır. Hər bir addımımızın məntiqi mənası var idi, hər bir addım əvvəlki addımın məntiqi davamı idi, istər Laçın-Xankəndi yolu ilə əlaqədar, istər antiterror əməliyyatının keçirilməsi ilə əlaqədar. Mən digər addımları da qeyd etməliyəm, o cümlədən Azərbaycan və Ermənistan şərti sərhədində baş vermiş hadisələr, hesab edirəm ki, bax bugünkü reallığın əldə edilməsi üçün çox önəmli rol oynamışdı. Ola bilər o vaxt bəziləri obyektiv səbəblərə görə bunu tam dərk edə bilmirdi, ancaq bu gün keçmişə baxdıqda hər kəs görür ki, bir dənə də olsun addımımız situativ xarakter daşımırdı, avantüra xarakteri daşımırdı və mənasız deyildi. Biz, ümumiyyətlə, heç vaxt mənasız addımlar atmırıq, atmamışıq və atmayacağıq. Bu gün hansı addımlar atılırsa, o addımların hədəfə doğru getmək üçün böyük mənası var.
Sentyabr ayında keçirilmiş antiterror əməliyyatı bir daha Silahlı Qüvvələrimizin gücünü göstərdi. Cəmi bir neçə saat ərzində Ermənistan ordusunun təxminən 15 minlik ekspedisiya korpusu tamamilə iflic vəziyyətinə salınmışdır və onlar ikinci dəfə kapitulyasiya aktına imza atmağa məcbur olmuşlar. Bununla da Azərbaycan ərazisində separatizmin kökü kəsildi. Bununla da Azərbaycan həm öz ərazi bütövlüyünü, həm də dövlət suverenliyini tam bərpa etdi.
Bu, tarixi hadisədir və bu tarixi hadisə bizim çoxəsrlik tariximizdə xüsusi yerə malikdir. Bu prezident seçkilərinin əsas əlaməti, xüsusiyyəti və önəmi ondadır ki, müstəqillik dövründə ilk dəfə idi ki, seçkilər ölkəmizin bütün ərazilərində keçirilmişdir. Mən, bildiyiniz kimi, səsvermə prosesində Xankəndidə iştirak etmişdim. Mən Azərbaycanın istənilən yerində səs verə bilərdim, ancaq hesab etdim ki, Xankəndidə səs verməyim daha düzgün olar. Məhz Xankəndidə hələ 1980-ci illərin sonlarında xalqımıza qarşı qanlı cinayətlər başlamışdır. Məhz Xankəndidə səs verdiyim binada xalqımıza qarşı soyqırımı planlaşdırılırdı və oradan idarə olunurdu. Məhz səs verdiyim binanın önündə yerləşən meydanda erməni millətçiləri və ondan sonra Ermənistan dövləti bizə qarşı ərazi iddialarını irəli sürmüşdü. Məhz o binada Qarabağı Azərbaycandan ayırmaq üçün hələ sovet dövründə xüsusi komitə yerləşdirilmişdi və o komitənin əsas məqsədi Qarabağı Azərbaycandan ayırmaq idi, bunu hər kəs bilir. Ona görə məhz orada otuz il bizim tarixi yerimizi, Pənahəli xan tərəfindən salınan o məkanı qanunsuz zəbt edən şeytanlar məhz orada da öz süqutunu özləri təsdiq etmişlər, təbii ki, məcburən. Orada verdiyim səs, o qutuya atdığım bülleten, sadəcə olaraq, bülleten deyildi. Bu, erməni separatçılarının tabutuna vurulan son mismar idi.
İndi isə yeni dövr başlayır. Biz bu dövrə alnımız açıq, üzümüz ağ, başımız dik daxil oluruq. Bu dövrün böyük nailiyyətləri olacaq, mən buna şübhə etmirəm. Çünki son illərin tarixi onu göstərir ki, qarşıya qoyduğumuz bütün vəzifələr icra edildi. Əlbəttə ki, bütöv Azərbaycan bu dövrə qədəm qoymuş, bütövləşmiş birlik nümayiş etdirmiş, o cümlədən bu seçkilərdə böyük birlik nümayiş etdirmiş xalq böyük uğurlara imza atacaq. Mənim buna şübhəm yoxdur. Azərbaycan cəmiyyətində hökm sürən çox müsbət ab-hava bizi daha da gücləndirir. Güclü Azərbaycan bizim həmişə hədəfimiz olub. Əgər güclü Azərbaycan qurmasaydıq, əgər kimdənsə istər siyasi, istər iqtisadi sahədə asılı olmuş olsaydıq, heç vaxt biz ərazi bütövlüyümüzü bərpa edə bilməzdik. Uzun danışıqlar prosesi çərçivəsində dəfələrlə bizə hansısa yarımçıq təkliflər irəli sürülürdü, təklif edilirdi. Ancaq o təkliflər bizim üçün qəbuledilməz idi, mən hər dəfə deyirdim ki, Azərbaycan Bayrağı ərazimizin hər bir yerində dalğalanacaq.
Hələ Bayraq Meydanının açılışında demişdim ki, bayrağımız Şuşada, Xankəndidə dalğalanacaq, bizim siyasətimiz bundan ibarət idi. Biz bütün gücümüzü səfərbər edib bu hədəfə doğru gedirdik, biz hər gün, hər saat bu müqəddəs günü yaxınlaşdırırdıq.
Təbii ki, yeni dövrə qədəm qoyarkən böyük ümidlərlə yaşayırıq. Əminəm ki, bütün Azərbaycan xalqı böyük ümidlərlə yaşayır və biz, əlbəttə, elə işləməliyik, elə addımlar atmalıyıq ki, bu ümidlər çin olsun.
Hesab edirəm ki, növbəti illərdə qarşımızda duran əsas vəzifələrdən biri Ordumuzun, Silahlı Qüvvələrimizin daha da gücləndirilməsidir. İkinci Qarabağ müharibəsindən sonra bu istiqamətdə çox böyük addımlar atıldı və mən müxtəlif vaxtlarda bu məsələ ilə bağlı öz sözlərimi demişdim. Demişdim ki, bu gün Azərbaycan Ordusu 2020-ci ildəkindən daha güclüdür və cəmi bir neçə saat davam edən antiterror əməliyyatı bunun bariz nümunəsidir.
Bu gün Silahlı Qüvvələrimizin gələcək inkişafı ilə bağlı lazımi addımlar atılır, lazımi silah-sursat, texnika alınır, yeni silahlı birləşmələr yaradılır. Xüsusi Təyinatlı Qüvvələrin sayı bir neçə dəfə artırılıb, yeni yaradılmış “Komando” silahlı birləşmələrində hərbçilərin sayı minlərlə ölçülür və bu proses davam edir. Biz elə Ordu yaratmışıq ki, - bundan sonra da bu işlər davam edəcək, - heç kim bizə sataşa bilməz və gələcəkdə də belə bir fikirdə ola bilməz. Bu günlərdə Ermənistan tərəfindən törədilmiş yeni təxribata dərhal adekvat cavab verildi, düşmən cəzalandırıldı. Bu, bir daha onlara və əsasən onlara ürək-dirək verən, üstümüzə göndərən qüvvələrə siqnal idi ki, bizim qabağımızda heç kim dura bilməz. Ermənistanın nə qədər havadarları olsa da, heç kim bizi dayandıra bilməz. Bizim siyasətimiz beynəlxalq hüquqa əsaslanır. Bizim Ermənistan ərazisinə iddiamız yoxdur, ancaq onlar da öz iddialarını geri döndərməlidirlər. Bizdən əsassız iddialarla şantaj dili ilə danışmaq onlara baha başa gələcək və onu yəqin ki, hər kəs görür. Beləliklə, ordu quruculuğu prosesi davam etdiriləcək. Bizim dövlət büdcəmizdə bu gün də ən böyük xərclər hərbi xərclərdir və hərbi xərclərlə bərabər, Qarabağ və Şərqi Zəngəzurun bərpasıdır.
Biz çox güclü hərbi sənaye kompleksi yaradırıq, artıq bunun birinci mərhələsi başa çatdı. İkinci mərhələsi daha genişmiqyaslı olacaq. Təkcə bu il bu məqsədlər üçün həm özəl, həm dövlət müəssisələri tərəfindən ən azı bir milyard manat sərmayə qoyulacaq və biz özümüzü bundan sonra daha böyük həcmdə silah-sursatla, texnika ilə təmin edəcəyik, daha böyük həcmdə ixrac edəcəyik və bu sahədə də müəyyən dərəcədə, deyə bilərəm ki, böyük dərəcədə xarici asılılıqdan canımızı qurtaracağıq. Necə ki, siyasi sahədə, iqtisadi sahədə bizim xarici təsirə məruz qalma şansımız sıfra bərabərdir, çünki biz müstəqil siyasət aparırıq.
Bu gün dünyada gedən prosesləri hər kəs görür. Dünya faktiki olaraq Üçüncü Dünya müharibəsinə çox yaxındır. Bəziləri hesab edir ki, artıq bu Üçüncü Dünya müharibəsi başlamışdır, müxtəlif fərziyyələr ola bilər. Təbii ki, müasir müharibələr əvvəlki müharibələrdən fərqlənir. İkinci Dünya müharibəsi ilə bugünkü müharibələri müqayisə etmək belə mümkün deyil və təbii ki, bir çox ölkələr bu gün hərbi sahəyə diqqət yetirməyə başlamışlar. Biz isə bunu artıq 20 ildən çoxdur ki edirik və bu gün bizdə əldə edilmiş təcrübə, o cümlədən döyüş təcrübəsi əvəzolunmazdır. Bizim Ordumuz təlimlərdə yox, paradlarda yox, döyüş meydanında öz gücünü göstərmişdir. Ermənistan və ona hərbi cəhətdən dəstək verənlər bilməlidirlər ki, bizi heç nə dayandıra bilməz. Əgər bizə qarşı ərazi iddialarına son qoyulmazsa, əgər Ermənistan öz qanunvericiliyini normal qaydaya salmazsa, təbii ki, sülh müqaviləsi olmayacaq. Bu, bir daha onu deməyə əsas verir ki, ordu quruculuğu, hərbi potensialın gücləndirilməsi əsas vəzifədir. Bu gün onu da bildirməliyəm ki, bir çox ölkələr üçün bu, əsas vəzifə kimi artıq qəbul olunub, onların hərbi doktrinalarında, onların büdcə xərclərində və digər addımlarda da bunu əyani şəkildə görmək olur. Bizim üstünlüyümüz ondan ibarətdir ki, Ordumuz döyüş meydanında öz gücünü göstərib, Ordumuzda çox yüksək mənəvi ruh var, bizim peşəkarlığımız artır və biz Ermənistanı döyüş meydanında məğlub etmişik. Ona görə bu amil həmişə mövcud olacaq.
Biz, eyni zamanda, sərhədlərimizi daha da güclü qorumalıyıq. Bunu da qarşıya önəmli vəzifə kimi qoyuram. Bu istiqamətdə də önəmli addımlar atılmışdır. Xüsusilə nəzərə alsaq ki, İkinci Qarabağ müharibəsindən sonra biz həm o vaxt işğal altında olan Azərbaycan-İran sərhədinə qayıtmışıq, həm də Azərbaycan-Ermənistan şərti sərhədində yerləşmişik. Əlbəttə ki, sərhəd infrastrukturunun qurulması xüsusi əhəmiyyət daşıyır və biz burada da ən müasir üsullardan istifadə edirik və edəcəyik. Sərhədimiz elə möhkəm bağlı olmalıdır ki, bir quş belə uça bilməsin. Sərhədlərimizin qorunması, eyni zamanda, bizi xarici risklərdən qoruyacaq. Çünki ölkə daxilində risklər yoxdur. Bütün mümkün olan potensial risklər ölkəmizin hüdudlarından kənarda yerləşir və formalaşır. Təhlükəsizlik tədbirlərinin bundan sonra da görülməsi vacib vəzifə kimi qarşıya qoyulur. Biz özümüzü təhlükəsizlik tədbirlərinin gücləndirilməsi və sərhədlərimizin möhkəmləndirilməsi nəticəsində həm fiziki risklərdən qorumalıyıq, həm də özümüzü ideoloji risklərdən qorumalıyıq. İdeoloji risklər sərhəd tanımır, xüsusilə indiki şəraitdə. Ona görə burada əsas vəzifə gənc nəslin vətənpərvərlik ruhunda, milli ənənələr ruhunda tərbiyə olunmasıdır. Bu məsələyə çox ciddi yanaşmalıyıq və mən bunu əsas vəzifələrdən biri kimi qarşıya qoyuram. Gənc nəslin tərbiyə edilməsi bizim gələcəyimizin təmin edilməsi deməkdir.
Bu gün Azərbaycan xalqı bir yumruq kimi birləşib. Bizi birləşdirən ümummilli məsələ Qarabağın azad edilməsi idi. Bu məsələ artıq öz həllini tapdı və bu birlik daimi olmalıdır. Milli birlik daimi olmalıdır, çünki Azərbaycanın önəmi artır, dünyada oynadığı rolu artır. Əlbəttə, bizə qarşı bundan sonra da ideoloji təxribatlar nəinki istisna deyil, bunlar qaçılmazdır və biz bunu demək olar ki, gündəlik həyatda görürük. Bizim işimizə kölgə salmaq, bizi diskriminasiyaya uğratmaq, Azərbaycan haqqında əsassız və yalançı, mənfi imic yaratmaq - biz bütün bunları gündəlik həyatda görürük, Azərbaycan xalqı görür və bundan hiddətlənir.
Biz elə bir gənc nəsil yetişdirməliyik ki, onlar da daim bizim kimi milli ənənələrə, milli-mənəvi dəyərlərə sadiq olsunlar, onların beyinləri saf olsun. Heç kim onların beyinlərini zəhərləmək istəyəndə uğura nail olmasın və burada, əlbəttə ki, ilk növbədə, ailə tərbiyəsi ön plana çıxır. Xoşbəxtlikdən Azərbaycan ailəsi sağlam ailədir, ənənələr, milli dəyərlər üzərində qurulan ailədir. Ailə tərbiyəsi hər bir gənc üçün, hər bir uşaq üçün əsas tərbiyədir. İkinci yerdə məktəb tərbiyəsidir və belə müzəffər gənclərimizin yetişdirilməsində də Azərbaycan məktəbinin çox böyük rolu vardır. Məktəblərdə uşaqlara aşılanan dəyərlər, müstəqilliklə bağlı, milli ləyaqətlə bağlı, əsrlər boyu bizə qarşı edilən ədalətsizliklə, - təkcə son 30 il ərzində yox, - torpaqlarımızın müxtəlif dövrlərdə əlimizdən alınması ilə bağlı və bizim qəhrəmanlıq tariximizlə bağlı uşaqlara verilən tərbiyə və biliklər çox böyük önəm daşıyır. Bütövlükdə milli-mənəvi dəyərlərə gəldikdə, bu, bizim cəmiyyətimizin əsasıdır və bu, sarsılmaz varlıqdır, sarsılmaz dəyərdir və bunu sarsılmaz etmək bizim əlimizdədir. Çünki burada hər hansı bir kənar qüvvə öz çirkin niyyətlərinə çatsa, o zaman bizim ciddi problemlərimiz olacaq. Ona görə gənclərimizin milli ruhda tərbiyə edilməsi, ənənəvi dəyərlər əsasında tərbiyə edilməsi, dırnaqarası mütərəqqi və yad dəyərlərin tamamilə cəmiyyətimizdən silinməsi - bu vəzifə bizim hamımızın qarşısında durur, hər bir ailə qarşısında durur və dövlət qarşısında durur. Burada, əlbəttə ki, dövlət siyasəti də aparılır və aparılacaq. Eyni zamanda, dediyim kimi, bütün cəmiyyət burada həmrəy olmalıdır və biz bu həmrəyliyi görürük. Bu seçkilərdə göstərilən həmrəylik cəmiyyətimizi bir qaya kimi möhkəmləndirir və belə olan halda heç bir kənar qüvvə bizə qarşı heç bir məkrli plan həyata keçirə bilməz.
Biz bundan sonra da Azərbaycanda vətəndaş cəmiyyətinin yaradılması ilə bağlı addımlar atacağıq. Azərbaycan xalqının həmrəyliyi əsas uğurlarımızdan biridir. İkinci Qarabağ müharibəsindəki parlaq Qələbə bir daha onu göstərdi ki, Azərbaycan xalqı böyük xalqdır. Azərbaycanda yaşayan bütün etnik qruplar, bütün xalqlar Azərbaycan Bayrağı altında birləşib. Bu Qələbədə, bu tarixi Zəfərdə ölkəmizdə yaşayan hər bir xalqın öz dəyərli töhfəsi var.
Azərbaycançılıq ideologiyası, azərbaycançılıq prinsipləri Azərbaycanda çoxdan bərqərar olub. Ulu Öndər Heydər Əliyevin bizə qoyduğu dəyərli miraslardan biri də məhz azərbaycançılıq məfkurəsidir. Biz - onun davamçıları isə bu müsbət meyilləri öz tərəfimizdən daha da gücləndiririk. Azərbaycanda yaşayan bütün xalqlar vahid, mehriban ailə kimi yaşayır. Bizim birliyimizi pozmaq istəyənlər nə qədər cəhd göstərsələr də buna nail ola bilməyiblər və heç vaxt nail ola bilməyəcəklər. Çünki biz hamımız bir amal uğrunda birləşmişik. Biz hamımız şəhidlər vermişik, qan tökmüşük. Erməni işğalçılara qarşı sinəmizi qabağa verib döyüşə getmişik. Bu birlik, bu həmrəylik və bu şanlı Zəfər tarixi Azərbaycanda yaşayan bütün xalqları daha da sıx birləşdirir və bu da əsas vəzifələrdən biri kimi qarşıya qoyulur. Deyə bilərəm ki, bu sahədə çox böyük tarixi nailiyyətlər var, baxmayaraq ki, müxtəlif istiqamətlərdən bu birliyi pozmaq, bizim aramıza girmək, təxribat xarakterli uydurmaları ortaya atmaq cəhdləri kifayət qədər çox olub və olacaq. Çünki bizi istəməyən qüvvələr, bizim gücümüzü qəbul etməyən, Ermənistan üzərində parlaq Qələbəmizi həzm edə bilməyən anti-Azərbaycan qüvvələr çalışacaqlar ki, bu amildən istifadə etsinlər. Onların səyləri əbəs olacaq. Bizim birliyimiz bu səylər qarşısında bir sədd kimi durmalıdır və durur. Bu istiqamətdə bundan sonra da lazımi addımlar atılacaq. Təbii ki, cəmiyyət, vəzifəli şəxslər, dövlət qurumları burada vahid siyasət aparır və bu siyasət gündəlik həyatda özünü göstərir.
Növbəti önəmli vəzifə Qarabağ və Şərqi Zəngəzurun bərpa edilməsidir. Deyə bilərəm ki, burada görülən işlər azad edilmiş torpaqlara gələn hər bir qərəzsiz xarici qonağı valeh edir. Çünki bu dərəcədə dağıntılardan sonra bu sürətlə bərpa işlərinin aparılması, yəqin ki, tarixdə görünməmiş bir hadisədir. Onu da nəzərə almalıyıq ki, mənfur düşmən bizim ərazilərimizi minalayıb və 300-dən çox insan artıq həyatını, ya da ki, öz sağlamlığını itirib. Əfsuslar olsun ki, biz hər həftə belə ağır xəbərləri eşidirik. Minalardan təmizləmə prosesi gedir, 120 min hektar artıq təmizlənib, amma minalanmış ərazi qat-qat daha genişdir. Bütün bunlara baxmayaraq, keçmiş köçkünlərin öz dədə-baba torpaqlarına qaytarılması prosesi uğurla gedir. Bu günə qədər təxminən 5400 keçmiş köçkün artıq beş yaşayış məntəqəsinə göndərilib, orada yerləşdirilib və bu il ən azı 20 yaşayış məntəqəsinə keçmiş köçkünlər qayıdacaq. Bizim planımız azad edilmiş torpaqlarda ilin sonuna qədər 5 şəhərə və 15 kəndə 20 min keçmiş köçkünü yerləşdirməkdir. Yüzdən çox şəhərin və kəndin baş planları hazırlanıb, təsdiqlənib. Bir çox şəhər və kəndlərdə artıq inşaat işləri başlamışdır. Biz Böyük Qayıdış proqramının birinci mərhələsini 2026-cı ilin sonunda başa çatdıracağıq və o vaxt 140 min köçkün öz dədə-baba torpaqlarına qayıdacaq. Bununla paralel olaraq, bütün sosial infrastruktur inşa edilir, xəstəxanalar, məktəblər, idman obyektləri, infrastruktur obyektləri, yollar, 130-dan çox tunel və körpü, - 40 tunel və 90 körpü, - inşa edilir. Yəni, bu, sadəcə olaraq işin miqyasını göstərir, bütün elektrik təsərrüfatı yenidən qurulub, dəmir yolları çəkilir, iki beynəlxalq hava limanı açılıb, üçüncüsü də Laçında açılacaq. Yəni, geniş quruculuq işləri görüləcək. Əlbəttə ki, köçkünlər üçün yeni evlər, bütün müasir şəhərsalma qaydalarına uyğun olan yaşayış yerləri qurulacaq və tarixi şəhərlərimizin tarixi siması bərpa ediləcək.
Əlbəttə ki, bütün bunlara nail olmaq üçün iqtisadiyyatımız inkişaf etməlidir. Bu ilin yanvar ayının nəticələri ümidvericidir. Ümumi daxili məhsul 5 faiz, qeyri-neft sektorunda isə 12 faizdən çox artıb. Bu, ümidverici göstəricidir və onu göstərir ki, biz indi yavaş-yavaş öz iqtisadi templərimizi bərpa edirik. Müqayisə üçün deyə bilərəm ki, 2003-cü ildə bizim ümumi daxili məhsulumuz 7 milyard dollar idi, keçən ilin yekunlarına görə isə bu rəqəm 72 milyard dollardır. Yəni, bu, 20 ildə iqtisadiyyatımızın inkişafının əsas göstəricisidir. Bizim 2003-cü ildə valyuta ehtiyatlarımız 1,6 milyard dollar idisə, bu gün bu, artıq 69,5 milyard dollardır və biz bu 20 il ərzində görün öz valyuta ehtiyatlarımızı nə qədər artırmışıq. Bu, bizə iqtisadi və maliyyə müstəqilliyi verən əsas amillərdən biridir. Aparılan siyasət nəticəsində birbaşa xarici borcumuz 6,4 milyard dollara düşüb, bu da ümumi daxili məhsulumuzun cəmi 9 faizini, ondan da az təşkil edir. İnkişaf etmiş ölkələrdə bu rəqəm 100 faiz, bəlkə də 140 faiz təşkil edir, bizdə isə 9 faizdən az. Yəni, bu, nəyi göstərir? Bizim sağlam maliyyə sistemimizin göstəriciləridir və bu, bizə imkan verir ki, biz müstəqil siyasət aparaq. Bu gün heç kimdən asılı olmayan Azərbaycan inamla, uğurla inkişaf edir, öz xarici siyasətini də buna uyğun şəkildə aparır.
Sosial sahədə görülmüş işlər də göz qabağındadır. 2003-cü ildə bizim minimum əməkhaqqı, - bəlkə də çoxlarının yadında deyil, - 9 manat idi. İndi 345 manatdır. Əlbəttə ki, bu da yetərli deyil, ancaq dinamika var və dinamika davam edəcək. Minimum pensiya 2003-cü ildə 20 manat idi. Bu gün 280 manata çatıb. Orta pensiya 500 manatdan çoxdur. Orta əməkhaqqı 940 manatdır. Əlbəttə ki, yenə də deyirəm, bu, bizi qane edə bilməz. Ancaq dinamika var, inkişaf var və ən önəmlisi, gözəl perspektivlər var. Bu gün iqtisadi sahədə aparılan islahatlar artıq Azərbaycanda tamamilə yeni bir investisiya iqlimi yaratmışdır. Əgər əvvəlki illərdə investisiyalar daha çox neft-qaz sahəsinə qoyulurdusa, bu gün qeyri-neft sektoruna qoyulan sərmayə milyardlarla dollar səviyyəsindədir. Əldə edilmiş razılaşmalar, imzalanmış kontraktlar yaxın bir neçə ildə özünü elə göstərəcək, sıçrayış elə böyük olacaq ki, bunu hər kəs görəcək.
Biz əlbəttə ki, yoxsulluqla bağlı və işsizliklə bağlı öz fəaliyyətimizi davam etdirməliyik. Yoxsulluq Azərbaycanda 5 faiz səviyyəsindədir. 2003-cü ildə təxminən 50 faiz idi. İşsizliklə bağlı daim işlər aparılmalıdır ki, işsizlik aşağı səviyyədə olsun. Müstəqillik dövründə əhalimiz 3 milyon artıb və artan əhalisi olan ölkələrdə işsizlik bir qayda olaraq ciddi problemdir, o cümlədən bizim üçün. Biz hər il 10 minlərlə yeni iş yeri yaratmalıyıq. Bunun üçün əlbəttə ki, daxili resurslar kifayət deyil. Xarici sərmayəyə ehtiyac var və iqtisadi islahatlar, o cümlədən biznes mühitinin yaxşılaşdırılması, rəqabətlə bağlı, inhisarçılığa qarşı olan tədbirlər bu biznes mühitini yaxşılaşdıracaq. Əlbəttə ki, Qarabağ və Şərqi Zəngəzur bizim iqtisadi inkişafımızın yeni bir dayaq nöqtəsi olacaqdır. O bölgələrdə həm kənd təsərrüfatı, həm bərpaolunan enerji ilə bağlı layihələr, turizm layihələri qeyri-neft sektoruna böyük dəstək verəcəkdir.
Sosial sahədə vacib məsələlərdən biri şəhid ailələrinin və müharibə əlillərinin sosial müdafiəsidir. Deyə bilərəm ki, bu kateqoriyadan olan insanlara dövlət tərəfindən 14 min 800 fərdi ev və ya mənzil verilmişdir. Bu kateqoriyadan olan insanların 100 faiz evlərlə təmin edilməsi prosesi sürətlə gedir, o cümlədən bu il və gələn il bu işlər görüləcək.