Məlum olduğu kimi, ötən gün Prezident İlham Əliyev Nazim İsmayılovun Saatlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.
Xatırladaq ki,N.İsmayılov 24 iyul 1952-ci ildə Göyçay rayonunun Kürdşaban kəndində anadan olub.
Pravda.az xəbər verir ki, 1974-cü ildə Azərbaycan Neft və Kimya İnstitutunu, 1991-ci ildə isə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunu bitirən N.İsmayılova aid internetdəki "Vikipediya” səhifəsində sabiq başçının siyasətçi olduğu qeyd edilir, ixtisası isə " Energetika mühəndisi və politoloq”(?) kimi göstərilir.
Qeyd edək ki, N.İsmayılov 30 ilə yaxın müddətdə icra hakimiyyəti strukturlarında yüksək vəzifələr tutub və ötən il Saatlıya başçı təyin olunmazdan əvvəl Göyçay, Şamaxı və Sabirabad rayonlarının icra başçısı olub.
Mətbuatda onun rəhbərlik etdiyi rayonlarda yaşayan əhalinin şikayətlərini əks etdirən kifayət qədər çoxlu sayda materiallara, korrupsiya iddialarına rast gəlmək olar.
Ancaq Azərbaycan reallıqlarını nəzərə alsaq, burada qeyri-adi bir şey yoxdur. Çünki icra başçılarının böyük əksəriyyətinin "iş prinsipləri” hamıya yaxşı məlumdur və bu cəhətdən yəqin ki, Saatlının artıq sabiq icra başçısı da digər həmkarlarından geri qalmayıb.