Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev, Quru Qoşunların komandanı general-leytenant Hikmət Mirzəyev və nazirliyin digər rəhbər heyəti azad edilmiş ərazilərdə dislokasiya olunmuş bir neçə hərbi hissədə olublar.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.
Quru Qoşunların rəhbər heyəti, briqada komandirləri, onların müavinləri və əlahiddə hərbi hissələrin komandirləri ilə görüşən Baş Qərargah rəisi Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin ordumuz qarşısında qoyduğu tapşırıqları komandir-rəis heyətinə çatdırıb, onların icrası ilə əlaqədar müvafiq göstərişlər verib.
Baş Qərargah rəisi səfərbərlik hazırlığı üzrə təlim toplanışına cəlb olunmuş hərbi vəzifəlilərin təminatı və keçirilən praktiki məşqlər ilə maraqlanıb, döyüş və atəş hazırlığını izləyib, onların təkmilləşdirilməsinə dair göstərişlər verib. Bildirilib ki, təlim toplanışına cəlb olunmuş hərbi vəzifəlilərin əksəriyyəti Vətən müharibəsi və ondan sonra keçirilmiş əməliyyatlarda iştirak etmiş ehtiyatda olan hərbi qulluqçulardır.
Baş Qərargah rəisi səfərbərlik hazırlığı və səfərbərlik ehtiyatlarının yaradılması üzrə keçirilən tədbirlərin planlı şəkildə davam etdirilməsi, ehtiyatda olan hərbi qulluqçuların döyüş hazırlığının yüksək səviyyədə saxlanılması məqsədilə təlim toplanışlarının mütəmadi keçirilməsinə xüsusi diqqət yetirilməsini tapşırıb.