Almaniya Kanslerinin təşəbbüsü ilə Azərbaycan və Ermənistan liderləri arasında görüşün konstruktiv və faydalı mühitdə keçməsinə, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması, sərhədlərin delimitasiyası və sülh müqaviləsi istiqamətində çağırışlara baxmayaraq, Ermənistan baş naziri Nikol Paşinyanın beynəlxalq ictimaiyyəti yanlış məcraya yönləndirən iddiaları təəssüf doğurur.
Pravda.az xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Ermənistan baş nazirinin Münxendə erməni icması ilə görüşdə səsləndirdiyi fikirlərə dair açıqlamasında deyib.
Baş nazirin “Qarabağın öz müqəddəratını təyinetmə hüququnun beynəlxalq ictimaiyyət arasında dəstəklənməməsi” fikrinə gəldikdə, göründüyü kimi, baş nazir Azərbaycanın ərazilərinə qarşı iddialarının əsassız olduğunu deyil, yalnız beynəxalq ictimaiyyət tərəfindən dəstəklənmədiyi üçün davam etdirilməsinin ağılsız hərəkət olduğunu bildirir. Bu isə, bir daha Ermənistan tərəfinin iddiasının hələ də davam etdiyini dolayısı yolla sübut edir. Bu baxımdan, Ermənistan Konstitusiyasında və qanunvericilik aktlarında ərazi bütövlüyümüz və suverenliyimizə qarşı iddiaların aradan qaldırılması zəruridir.