“Cənab Prezident Milli Məclisdəki çıxışında çox önəmli və əhəmiyyətli məsələlərə aydınlıq gətirdi. Hər zaman olduğu kimi bu dəfə də cənab İlham Əliyev çox dərin, konseptual bir çıxış etdi. Azərbaycanın Qarabağ zəfəri, bu zəfərə aparan yol, xalqımızın bu dövrdə nailiyyətləri, eyni zamanda xarici siyasətlə bağlı məsələlərə toxundu. Bununla bərabər gələcək planlar barədə öz fikirlərini açıqladı. Hesab edirəm ki, bu gün Azərbaycan cəmiyyətini düşündürən, narahat edən hər bir məsələyə geniş formada yanaşdı. Biz müqayisə apardıqda 20 il bundan əvvəlki Azərbaycana baxdıqda, Azərbaycan hansı vəziyyətdə idi? 20 faiz torpağı işğal altında olan, 1 milyon vətəndaşı köçkün düşmüş Azərbaycan. O Azərbaycan ki, ona deyilirdi, “sən müharibə edə bilməzsən, sən işğalla barışmalısan”. Bir neçə dövlət istisna olmaqla, bütün dünya Ermənistanın yanında idi...”
Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov deyib.
Deputat bildirib ki, bu gün Azərbaycan, sözün əsl mənasında, Prezident İlham Əliyevin rəhbərliyi ilə bir möcüzə yaradıb:
“Heç kəsin ağlına gəlməzdi ki, Azərbaycan bu qədər inkişaf edə bilər, böyük uğurlara imza atardı. Uğurlarımızdan danışarkən Azərbaycan Ordusunun dünyanın 60 ən güclü ordusu sırasında olmasını böyük fəxrlə qeyd etmək lazımdır. İllər öncə kimlər düşünə bilərdi ki, biz Xankəndini azad edəcəyik? Kimlər güman edə bilərdi ki, həmin o terror yuvasında - Azərbaycan əleyhinə planlar qurulan o yuvada Azərbaycan Prezidenti səs verəcək? Azərbaycan heç bir zaman olmadığı qədər ərazilərinə nəzarət edəcək? Azərbaycan uzun müddət böyük səbir və təmkinlə Ermənistanın işğal etdiyi torpaqlarımızdan nə vaxt əl çəkəcəyini gözlədi. Ancaq təəssüflər olsun ki, Ermənistan bu çirkin əməlindən imtina etmədi və danışıqlar prosesini uzatmağa çalışdı. Belə olan halda, Azərbaycanın müharibədən başqa çıxış yolu yox idi. Azərbaycan öz torpaqlarını müharibə yolu ilə azad etməli idi. Ermənistan-Azərbaycan münaqişəsi yalnız və yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalı idi. Heç vaxt Azərbaycan xalqı öz ərazisində ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcəkdi. Bu həm də göstərir ki, Qərb dövlətləri hər zaman olduğu kimi bu gün də imitasiya ilə, tarixi saxtalaşdırmaqla məğuldurlar və daha çox təxribat törətmək barədə düşünürlər. Burada Ermənistan qədər Qərb dövlətləri də məsuliyyət daşıyırlar. Qətnamənin icrası üçün heç bir addım atılmadı, heç bir real tədbir görülmədi və Ermənistana sanksiya tətbiq edilmədi. Əlbəttə ki, Ermənistan bundan istifadə edərək yenə də yeni təxribatlar, yeni işğallar barədə düşünməyə davam edir. Onlar düşünürdülər ki, zamanında Xankəndini, Zəngəzuru bizdən aldılar və indi də Qarabağı bizdən alacaqlar, beləcə Azərbaycan xalqı bu tarixi unudacaq. Amma proseslər göstərdi ki, Azərbaycan bu tarixi unutmayıb və unutmaq niyyətində də deyil. Əlbəttə ki, Ermənistan sülh barəsində düşünsəydi, torpaqları öz xoşu ilə geri qaytarsaydı, Azərbaycana qarşı təxribatlara davam etməsəydi, proses bu qədər uzanmazdı və Ermənistanın bu qədər itkisi olmazdı. Bunu etmədiklərinə görə də əziyyətini çəkməli oldular. Bütün hallarda Azərbaycan üzərinə düşəni edib, edir və edəcək. Bu prosesdə ən çox itirən yenə də Ermənistan özü olacaq”.
Deputat əlavə edib: “Cənab Prezidentin çıxışında yer verdiyi xüsusilə gənc nəslin milli-mənəvi dəyərlərimizə sadiq böyüməsi məsələsi əsas məsələlər sırasında idi. Bu gün, heç şübhəsiz ki, gənclərin formalaşmasında həm məktəblərimiz, həm də ailələrimiz ciddi rol oynayır. Təəssüf ki, hazırda dünyada çox ciddi proseslər gedir. Ailə dəyərlərinin sarsıldılması, tərbiyə sisteminin pozulmaması üçün müxtəlif qurumlar və müxtəlif təşkilatlar tərəfindən ciddi iş aparılır. Xüsusilə də, gənclərin milli-mənəvi dəyərlərdən uzaqlaşması, öz soyundan, kökündən soyuması istiqamətində səyləri görürük. Eyni zamanda zərərli dini cərəyanların, təriqətlərin təbliği istiqamətində addımlar çox düşündürücüdür və biz bunu açıq-aydın görürük. Hesab edirəm, ailə dəyərlərinə xüsusi önəm verməliyik. Təəssüf ki, Azərbaycan cəmiyyətində boşanmaların sayının sürətlə artmasının şahidi oluruq. Buna görə də ailə dəyərlərinin qorunması üçün ciddi çalışmalıyıq. Bu istiqamətdə ciddi təbliğat, maarifləndirmə işləri aparılmalıdır. Bu, çox önəmli bir məsələdir, eyni zamanda məktəblərimizin də üzərinə xüsusi vəzifə düşür. Məktəbin işi yalnız əlifba öyrətmək, təhsil vermək deyil. Məktəbin işi, funksiyası gənclərin sağlam ruhda, sağlam düşüncədə, sağlam təfəkkürdə yetişməsində də tövhə verməkdir. Bunun üçün Elm və Təhsil nazirliyi ciddi addımlar atmalıdır. Eyni zamanda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi konkret proqram işləyib, həm ailə dəyərlərimizin qorunması, həm də məktəblərdə təlim-tərbiyə işinin ən yüksək səviyyədə qurulması üçün real addımlar atmalıdır. Çünki bu gün dünyada gedən proseslər fonunda milli-mənəvi dəyərlərə, öz kökünə, soyuna bağlılıq xüsusi önəm daşıyan məsələdir. Bu mənada qarşımızda çox mühim tarixi bir vəzifə durur. Bu tarixi vəzifəni yerinə yetirmək üçün ciddi çalışıb, real addımlar atmalıyıq”.