Erməni işğalından azad olunan Xocalı rayonunun Malıbəyli (2023-cü ilin dekabrınadək Şuşa rayonunun inzibati ərazi vahidi olub) kəndində azərbaycanlı əsir və girovların saxlanıldığı tikili aşkarlanıb.
İşğaldan əvvəl - 1992-ci ilədək yaşayış məntəqəsinin ərazidən keçən Ağvan çayının sahilində qədim su dəyirmanı və onun yardımçı binası olub.
İşğal dövründə separatçılar oranı azərbaycanlı əsir və girovları qanunsuz saxlama yerinə çeviriblər. Bunun üçün dəyirmanın yardımçı tikilisinin qapı və pəncərələrinə dəmir barmaqlıqlar vurublar, üzərinə qalın beton töküblər. Eyni zamanda, içəridə dəmir arakəsmələr yerləşdirərək, qəfəs formasına salıblar. Bundan başqa, əsir və girovlara nəzarət edənlər üçün ayrıca otaq yaradıblar.