Kubra Məhərrəmova yazır...
Çox əcəb işə düşmüşük. Özləri bir işə yaramırlar, doğub atırlar ya polisin, ya da məktəbin üstünə. Bəli, oxuduğunuz kimi. Hələ bir adamı borclu da çıxarırlar. Bu uşaqları polis, ya da məktəb tərbiyə etməlidir? Niyə görəsən? Məktəbdən, ya da polisdən icazə alıb doğmusunuz ki, məsuliyyəti də bu qurumların üstünə atırsınız?
Ya bunu doğ, ya da doğma. Doğursansa, tərbiyəsini ver, adam elə. Yox, tərbiyə verə bilmirsənsə, məktəb, ya da polis sənin üçün dayə deyil. Bizim üçün, cəmiyyət üçün problem doğma. Onsuz da, problemimiz az deyil. Hələ bir kimsənin də nəzarətsiz, küçə söyüşləri ilə danışan, uşağına da yiyə durmalıyıq?
Şəxsən mənim elə bir fikrim yoxdur! Anası var, atası var, yiyə dursun! O, ana-ata ki, 15-16 il tərbiyə verdiyi uşaq budur. Yeri gəlmişkən, əgər ana-ata desə ki, bəs biz bu uşaqla bacarmırıq, lap yaxşı. Ailədən alınıb verilsin çətin tərbiyə olunan şagirdlər üçün xüsusi məktəblərə, internatlara. Niyə mənim uşağım belə vəhşi ilə bir məktəbdə oxusun ki? Ya da bir başqasının uşağını niyə alçaltsın ki?
Aha, indi ortaya malakeşlər düşəcək ki, “bəs, bəlkə zorakılıq göstərən uşağın psixoloji problemləri var?” Hə, ikinci Əhməd nümunəsi? Cibində dəlilik kağızı ilə bir gün gəlsin kiminsə evinə basqın eləsin, adamları baltalasın.
Əslində Dilarə elə potensial Əhməddir. Kimdir Dilarə? Onu tanımayan varmı? İnanmıram.
Dünən gecə saatlarından sosial şəbəkələrdə paylaşılan Dilarə adlı birinin, əxlaqsız, tərbiyəsiz, biabırçı görüntüləri insanların Əhmədin törətdiyi qanlı faciədən sonra, onsuz da tarıma çəkilmiş əsəblərini daha da gərdi. Sadəcə Dilarənin əlində balta deyil, qayçı var. Özündən yaşda balaca, zəif bir məktəbli qızı təhqir edir, saçını qayçı ilə kəsir, başına yumurta vurur, qızın alnına təhqiramiz söz yazır, hələ bir həyasızcasına hırıldayır. Soruşmaq lazımdır, ay Dilarə, hansı gününə hırıldayırsan? Bəlkə əlaçısan, bəlkə hansısa elmi olimpiadada yer tutmusan? Bəlkə istedadın başından aşır? Kimsən axı sən?