Milli.Az xəbər verir ki, Axar.az saytında "Kamil üzərində qurulan yüzmilyonluq çirkin oyun" başlıqlı məqalə dərc olunub.
Şeyx Teymurun yazısını təqdim edirik:
Kamil Zeynallının Moskvadan qayıdarkən hava limanında saxlanılması ciddi hadisədir, artıq Rusiyadakı səfirimiz Polad Bülbüloğlu da Kamilin Ermənistanın tələbi əsasında saxlanıldığını təsdiqləyib.
Kamil Zeynallı Ermənistan vətəndaşı deyil, hətta cinayət törədibsə belə, bu, Ermənistan ərazisində baş verməyib. Halbuki Qarabağ işğal altında olanda - yəni de-yure Azərbaycan torpaqları olduğunu Rusiyanın özünün təsdiqlədiyi vaxtlarda - o ərazilərdə qətliamlar törədən, soyqırım həyata keçirən şəxslərlə bağlı Azərbaycan Baş Prokurorluğu onlarla şəxsi beynəlxalq axtarışa verib: həmin şəxslər məhz Azərbaycan ərazisində cinayət törədiblər, sübutlar, faktlar təqdim edilib, onlardan bəziləri isə de-yure Azərbaycan vətəndaşları idilər. Buna baxmayaraq, Rusiya indiyə qədər bir separatçı-terrorçunu belə Azərbaycana təhvil verməyib. Və nəinki təhvil verməyib, hətta beynəlxalq axtarışa verildiyi üçün hansısa erməninin Moskvada saxlanıldığı barədə heç vaxt heç kim eşitməyib.
Ancaq nədənsə Kamil Zeynallı - Ermənistanda heç bir cinayət törətməyən, Ermənistan vətəndaşı olmayan - de-yure və de-fakto - Moskvada saxlanılır və açıq şəkildə bunun Ermənistanın tələbi ilə olduğu bildirilir.
Ermənistan Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutuna qoşulur, ratifikasiya edir, təntənəli surətdə qəbul olunur və Ermənistan Baş naziri Nikol Paşinyan "Putin İrəvana gələrsə, həbs ediləcəkmi" deyə verilən suala "Bunu məhkəmə həll edir" sözləri ilə Rusiya liderinin həbs ediləcəyini etiraf edir və aradan 3-4 gün keçəndən sonra Ermənistanın tələbi ilə heç bir cinayət törətməyən Kamil Zeynallı həbs edilir?
Ciddi oyundur və burda fərqli, həm də məhz Rusiyanın məkrli niyyəti olduğu aşkardır.
Daha bir məqam: Kamil Zeynallı haqda beynəlxalq axtarış 2023-cü ilin may ayında elan edilib. İdmançı özü deyir ki, ötən ilin may ayından bəri Rusiyaya - Moskvaya 3 dəfə gedib-gəlib və heç vaxt problem yaranmayıb. Maraqlıdır, niyə məhz indi problem yaranır və Rusiya hüquq-mühafizə orqanlarının "yadına düşür" ki, Kamil Zeynallı Ermənistan tərəfindən beynəlxalq axtarışa verilib?
Daha bir nüans: Ermənistan Baş Prokurorluğu Kamil Zeynallının saxlanılması ilə bağlı onlara hər hansı rəsmi məlumat verilmədiyini açıqlayıb. Yəni Kamil Zeynallı Ermənistanın tələbi ilə saxlanılır və erməni hüquq-mühafizə orqanlarına bu barədə heç bir məlumat verilmir? Səbəb nədir?