Bir neçə gün əvvəl Bakı-Quba-Rusiya sərhədi yolunda “Range Rover” markalı avtomobili 200 km/saat sürətlə idarə etdiyinə görə məsuliyyətə cəlb edilən bloqer Əsmər Axundzadənin bir sıra sosial şəbəkə səhifələrini qəsdən bağlatdırdığı iddia olunur. “Qafqazinfo” xəbər verir ki, Ə.Axundzadə barəsində Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin rəsmi səhifələrində yaydığı məlumatı paylaşan instaqram səhifələrinin hücuma məruz qaldığı bildirilir. Belə ki, həmin xəbərlə bağlı səhifələrdən edilmiş şikayətlər və digər müdaxilələr səbəbindən bir neçə məşhur instaqram səhifəsi artıq bağlanıb. Səhifə adminləri onlara məxsus olan hesabların Ə.Axundzadənin təşkilatçılığı ilə hücuma məruz qaldığını deyirlər.
Eyni zamanda dünən Ə.Axundzadənin “Esma Nur” adı ilə istifadə etdiyi profildən “Yandırdım... üzərliyi” başlığı ilə eyhamlı paylaşımı bu iddiaları gücləndirib.