Britaniya Ali Məhkəməsi fevralın 22-də azərbaycanlı deputat Cavanşir Feyziyev və onun həyat yoldaşının dondurulmuş mülkləri ilə bağlı məsələyə baxmağa başlayıb. Yeniavaz.com xəbər verir ki, bu barədə Jurnalistlərin Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyanın Araşdırılması Layihəsinin (OCCRP) saytında məlumat dərc olunub.
Bildirilib ki, söhbət deputat və həyat yoldaşının qeyri-qanuni yollarla qazanılan vəsaitlər hesabına əldə etdiyi ehtimal edilən 22 mülkdən gedir. Qeyd olunur ki, 39,5 milyon funt sterlinqdən (85,1 milyon manat) artıq qiymətə alınmış sözügedən əmlaklar 2023-cü ilin iyununda Ali Məhkəmənin qərarı ilə dondurulub.
“Feyziyev məlumat dərc olunan vaxtda şərh vermək tələblərinə cavab verməyib. Feyziyevlərin vəkili isə iddia edir ki, Milli Cinayət Agentliyi (NCA) bütün lazımi prosedurlara əməl etməyib və bu daşınmaz əmlaklardan hər hansı birinin qanunsuz yolla alındığını mübahisələndirmək üçün kafi əsaslar yoxdur.
Bundan əvvəl siyasətçinin ailəsi Milli Cinayət Agentliyinin diqqətini bank hesablarında milyonlarla funt sterlinq vəsaitin olması ilə cəlb etmişdi. Agentlik iddia edirdi ki, bu vəsaitlər bank hesablarına OCCRP-nin 2017-ci ildə aşkar etdiyi və “Azərbaycanın pulyuyan maşını” kimi tanınan beynəlxalq çirkli pulların yuyulması mexanizmi ilə gəlib”, - OCCRP-nin məlumatında deyilir.
NCA-nın məlumatına görə, Feyziyev və onun həyat yoldaşı tərəfindən satın alınmış əmlakların satışına və ya başqasına ötürülməsinə mane olan son qərarlar, çirkli pulların yuyulmasına dair əldə edilən əsaslı sübutlara görə qəbul edilib.