Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Xocalı soyqırımından sağ çıxmağı bacaran bir qrup sakinlə birlikdə qətliamın törədildiyi əraziyə gedib. Bu, ombudsmanın Xocalı işğaldan azad olunandan sonra həmin əraziyə ilk başçəkməsidir.
O, 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə erməni quldurlarının azərbaycanlıların başına gətirdikləri müsibətlərlə bağlı şahidlərin fikirlərini dinləyib. Eyni zamanda soyqırımla bağlı yeni faktlar lentə alınıb.
S.Əliyeva qətliamın törədildiyi yerdən dünya ictimaiyyətinə müraciət edib. Ombudsman xocalıların başına gətirilən müsibətləri elə həmin ərazilərdə əyani şəkildə ictimaiyyətə çatdırıb. O, beynəlxalq təşkilatları Xocalı soyqırımı günahkarlarının məsuliyyətə cəlb edilməsinə dəstək göstərməyə çağırıb.
Qeyd edək ki, Ermənistan silahlı qüvvələri tərəfindən keçmiş sovet qoşunlarının 366-cı motoatıcı alayının iştirakı ilə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhəri işğal edilib, yerli əhaliyə qarşı soyqırımı törədilib, şəhər yerlə-yeksan olunub.