“Xocalı canilərinin bəziləri tutularaq ölkəmizə gətirilib. Amma mən Vitali Balasanyanı gözləyirəm. Allaha yalvarıram ki, onu diri-diri tutub Azərbaycana gətirsinlər. O necə ki, gülərək, bizi sorğu-sual edirdi, mənim də ona suallarım var. Özü də çoxdur. Onlar burada çay içir, sivil qaydada həmin cinayətkarlarla davranırlar, amma kamerada qalanda bizə heyvan kimi münasibət göstərirdilər. Üzümüzə tüpürürdülər, ayaqqabını ağzımıza soxurdular, təhqir edib, zülm edirdilər, zəncirləyirdilər. Biz bu günləri unutmamalıyıq. Baxmayaraq ki, ağır xəstəyəm, bu gün xərçəngəm, amma danışmağı özümə borc bilirəm. Düzdür, efirlərə getmək mənim üçün ağırdır, amma telefon vasitəsilə məndən müsahibə alırlar, jurnalistləri evimə dəvət edirəm. Gücüm qalmayıb, amma yenə də danışmaq mənim borcumdur”. Bunu Moderator.az-a açıqlamasında 8 gün erməni əsirliyində qalan qadın Dürdanə Ağayeva deyib. O daha sonra həmin illəri xatırlayıb.
“Xocalı mənim anamın vətəni idi, atam Ağdamdan idi. Amma mən Xocalıda dünyaya gəlmişdim, orada yaşamışdım, orada işləyirdim. Evin böyük qızı, 3 qardaşın tək bacısı idim. Uşaqlıqdan telefonçu olmaq istəyirdim.
“Telefonçu qız” filminə baxıb öz gələcəyimi düşünürdüm. Nə biləydim ki, bir gün əsir düşəcəyəm və əsirlikdə də daha çox əzab-əziyyət, zülm görməyimin başlıca səbəbi də telefonçu olmağım olacaq?! 1992-ci ilin fevral ayında artıq Xocalının bütün yüksəklikləri tutulmuşdu. Kənddə heç bir hərbi maşın yox idi. Rabitəçi olduğum üçün bütün danışıqları eşidirdim. Erməni deyirdi ki, sizə qan udduracağıq. Bir dəfə Milli Qəhrəman Əlif Hacıyevə zəng edib bunu dedim. Dedi ki, “erməni qandan qorxan millətdir, o bizə necə divan tuta bilər?” Əlbəttə ki, onlar təkbaşına deyildi, dəstək olan qüvvələr var idi. Gecə saat 11 radələrində Xocalı ağır artilleriya atəşinə tutuldu. Bizim heç nədən xəbərimiz yox idi. Qonşu qadın qaçaraq gəlib dedi ki, oturmayın qaçın, qonşu kənddə ahıska türklərini öldürürlər, indi bizim kəndə gəlirlər. Üzü meşəyə tərəf qaçdıq. Ermənilər artıq kəndimizdə idi. Onlar evlərimizi yandırırdılar. O evlər yanırdı, işığı yola düşürdü. Biz Qarqar çayına tərəf gəlirdik. Təsəvvür edin, çay donub, qar sinəmizə qədər qalxıb. İnsanlar bir-birinin üstünə yıxılırdılar. Qardaşım Elşad qabaqda idi, məndən arxada da Valeh və onun hamilə yoldaşı var idi. Bir də gördüm ki, Valeh qışqırır. Ermənilər onun hamilə yoldaşını öldürdülər. Artıq taqətimiz qalmamışdı. Bu zaman erməniyə əsir düşdük. Ən ağrılı günlərim ondan sonra başladı. Bizi yolboyu təhqir edə-edə Əsgəran Rayon Polis İdarəsinə gətirdilər. Təsəvvür edin, 20 yaşım var, axı o söyüşlərdən, təhqirlərdən utanıram. Qardaşım da yanımdadır. Anam məni axı əsir düşmək üçün dünyaya gətirməmişdi! Mənim də digər qızlar kimi gənclik arzularım var idi. Monte Melkonyan, Vitali Balasanyan, Karo mənə o qədər zülmlər verirdilər ki... Qadınları ayrı kameraya salmışdılar, kişiləri də ayrı. Qadınları aparıb uşaqlarının başını onların gözü qarşısında kəsirdilər. Həmin analar yanımda lay-lay oxuyurdular. Qaldığım kamerada qonşu otaqdan kişilərin elə səsləri gəlirdi ki... Dözə bilmirdim, bədənimi dişləyirdim, qulaqlarımı tuturdum. Rabitəçi olduğum üçün mənə “svyazka” deyib o ki var döyürdülər. Palçıqlı çəkməni ağzımın içinə o qədər salmışdılar ki... Palçıq gəlib boğazımın dibinə çatmışdı. Bir dəfə də Karo məni öz həyətimizdə o qədər döydü ki... Mən heç nə hiss etmirdim, bədənim hissiyyatını itirmişdi. Amma sevinirdim ki, öz evimizin həyətində döyülürəm. Buz kimi vannanın içinə salıb 5-6 saat saxlayırdı. Bir dəfə də o qədər döyülmüşdüm ki, huşumu itirdim. 7-8 saat çılpaq vəziyyətdə məni qarın altında saxlamışdılar. Kliniki ölüm keçirmişəm. Hiss edirdim ki, yerdəyəm, amma bədənim donub. Barmağımı ağzıma salıb özümü öyütdüm. Dilimi dişlədim. Mən indi də həmin barmağımı əzizləyirəm. Sonra erməni dedi ki, nəbzinə baxmışdıq, sən axı ölmüşdün, necə dirilmisən?! Elə təzə ayılmışdım ki, bir qadın gördüm. Sevindim ki, qadındır da, mənə dəstək olar. Həmin qadın dedi ki, mən Sumqayıtdan gəlmişəm, erməniyəm. Məni dəyənək ilə o qədər döydü ki... Ölməyib yaşayıramsa, bu günümə şükürlər olsun. Amma necə yaşayıram?! Şəkər xəstəliyi tapdım, xərçəng oldum.