“Ermənilər bu coğrafiyaya köçürüldüyü ilk dövrlərdən başlayaraq yalnız məkrli, dağıdıcı, pozucu, təcavüzkar əməlləri ilə yadda qalıblar. Erməni millətçiləri daim etnik təmizləməyə əl atıb, bu məqsədlə soyqırımları törədib, qanlı terrorlar ediblər. Təbii ki, onların Cənubi Qafqazda tarixi 200 ildən çox deyil. Amma faktlara əsaslanmayan, büsbütün uydurma, yalançı iddiaları ilə bu ərazilərdə “böyük tarixlərindən” söz açıb, qədim Azərbaycan ərazilərində “Böyük Ermənistan” dövləti yaratmaq eşqinə düşüblər. Hansısa dövrdə bir boşluq görən kimi bu çirkin niyyətlərini, şovinist arzularını reallaşdırmaq üçün qanlı təxribatlar, ağır cinayətlər törədiblər. Məsələn, 1905-1907-ci, həmçinin 1918-ci illərdə yüz minlərlə dinc azərbaycanlı xüsusi qəddarlıqla erməni qəsbkarları tərəfindən qətlə yetirilib. Bundan başqa, 1918-1920-ci illərdə müxtəlif bölgələrdə minlərlə dinc soydaşımız erməni millətçilərinin soyqırımı siyasətinin qurbanına çevrilib. Bu qanlı əməllərindən hətta sovetlər dövründə də əl çəkməyən şovinist ermənilər 1948-1953-cü illərdə Ermənistandan 150 min azərbaycanlının deportasiya etdilər, evlərini isə dağıtdılar. Bütün bunlar onların əsl simasını, çürük mənəviyyatını ortaya qoyur”.
Pravda.az xəbər verir ki, bu fikirləri açıqlamasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.
“Mən xalqımızın Ümummilli Lideri Heydər Əliyevin sovet Azərbaycanına rəhbərlik etdiyi zamanlarda ermənilərin Qarabağa olan iddialarının qarşısına çəkdiyi keçilməz sipəri xüsusi olaraq xatırlatmaq istərdim. O, qətiyyətli siyasəti, önləyici addımları, o cümlədən Qarabağda apardığı tikinti işləri, mədəni tədbirləri ilə ermənilərin qərəzli planlarını məhv edirdi. Həmin dövrlərdə onlar Heydər Əliyevi əsas maneə hesab edirdilər. Həmçinin Moskvada sovet rəhbərliyində çalışanda da Ulu Öndərimiz erməni millətçilərinin Qarabağa olan iddialarının qarşısını müdrikcəsinə almağı bacarırdı. Amma, təəssüflər olsun ki, Heydər Əliyev sovet rəhbərliyindən qərəzli və məqsədli şəkildə uzaqlaşdırıldıqdan cəmi bir neçə gün sonra Qarabağ məsələsi təzədən gündəmə gətirildi. Sonrakı proseslər də hamıya məlumdur: kütləvi deportasiyalar, qətllər, soyqırımları, terror, torpaqlarımızın işğalı və sair”, - Milli Məclisin deputatı bildirib.